“Mütləq erməniləri məğlub edəcək, xalqımızı qələbə xəbərimizlə sevindirəcəyik”

0
Qarşıdakı mövqelərə getmək üçün yolumuz yaşıllıqların arasından keçir. Hiss edirəm ki, ən böyük rəssam olan ana təbiət fırçasını bu yerlərə xəsislik etmədən çəkib. Sanki sirli-sehirli bir aləmə, gözəlliklər qoynuna düşmüşük. Bizimlə üz-üzə, göz-gözə gələn gözəlliklər qəlbimizi oxşayır, könlümüzə sığal çəkir. Belə gözəl bir məkanda xidmət etmək, yurdu düşməndən qorumağın özü də zabitə, əsgərə böyük ruh yüksəkliyi verir, onları uğura, qələbəyə ruhlandırır.
Avtomobil irəli şütüdükcə zövq verən gözəlliklər arxada qalır. Yavaş-yavaş ön xətdə yerləşən mövqelərimizə yaxınlaşırıq. Sərt döngədən sonra qarşımızda geniş bir meydan açılır. Mövqelərə gedən yollar, cığırlar buradan başlayır. İstər-istəməz yüksək ovqata köklənirik. Düşünürəm ki, bu yerlər qəhrəmanların, cəsurların – torpaqlarımızı qoruyan hərbçilərimizin məskənidir. Hamımız üçün müqəddəs məskəndir, doğma məkandır.
İlk həmsöhbətimiz leytenant Cavid Hüseynov olur. Gənc zabit bildirir ki, əsgərlərimiz üzərlərinə düşən xidməti tapşırıqlarını yüksək bacarıq və peşəkarlıqla yerinə yetirirlər. “Onlar daim müşahidələr aparır, düşmən mövqelərini nəzarətdə saxlayırlar. Erməni qəsbkarları atəşkəs rejimini pozmağa cəhd göstərəndə isə dəqiq atəş zərbələri ilə onları susdururlar. Şəxsi heyətin təkcə peşəkarlığı deyil, döyüş və mənəvi-psixoloji hazırlığı da yüksək səviyyədədir. Əsgərlərimiz keşiyində dayandıqları Vətən torpaqlarına ürəkdən bağlıdırlar. Onlar yurdumuzun hər qarışı uğrunda döyüşə, düşməni məğlub etməyə hər an hazırdırlar. Burada xidmət etdiyim müddətdə dəfələrlə əsgərlərimizin igidliyinin, qəhrəmanlığının şahidi olmuşam. Belə vətənpərvər əsgərlərin komandiri olmaq çox xoşdur. Bu gün sıralarımızda xidmət edən əsgərlər sələflərinin döyüş ənənələrini uğurla davam etdirirlər. Ürəyi Vətən eşqi ilə döyünən oğullarımızın çoxu əsgəri xidmətini başa vurandan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordumuzda qalıb müqəddəs borclarını yerinə yetirirlər. Hər addımda hiss edirəm ki, əsgərlərimiz el-obaya ürəkdən bağlıdırlar. Onlar ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda hər an döyüşməyə hazırdırlar. Şəxsi heyət Vətənini, torpağını çox sevir, onu düşməndən qoruyur. Qoruyur ki, yurda yağı ayağı dəyməsin, el-obamız yağmalanmasın. Bu da təbiidir. Çünki qoynunda dünyaya göz açdığımız torpaqları qorumaq hər birimizin müqəddəs borcudur. Vətən əsgərindir, əsgər də Vətənin. Vətən əsgərsiz, əsgər də Vətənsiz yaşaya bilməz. Deməli, onlar bir-birindən ayrılmazdır, bölünməzdir. Bu gün ordu sıralarına xidmətə gələn gənclər çox vətənpərvərdirlər. Bu onu göstərir ki, onlar kiçik yaşlarından özlərini əsgəri xidmətə hazırlayırlar. Təbiidir ki, vətənpərvərlik hissi yüksək olan əsgəri döyüşlərdə uğurlar gözləyir. Təlimlərdə qazanılan uğurlar isə hamımızı sevindirir. Mən zabit kimi əsgərlərimin döyüş hazırlığından, bacarığından çox razıyam. Əgər onlar qəflətən düşmən hücumunun qarşısını almaq üçün savaşa atılsalar, inanıram ki, qısa müddət ərzində düşmən üzərində qələbə qazanacaqlar. Çünki şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. İnanırıq ki, qarşıdakı döyüşlərdə Vətənə əsgər olan oğullarımızı yalnız və yalnız qələbə gözləyir.”
Qarşı tərəfi müşahidə edən əsgər Nicat Babayev ordu sıralarına Xəzər rayonundan çağırılıb. Hərbi xidmətə çağırılanadək Xəzərin sahillərinin gözəlliklərini çox seyr edib. Artıq o günlər arxada qalıb. İndi isə əsgər N.Babayev bu gözəl məkanda xidmət edir, yurdumuzu erməni qəsbkarlarından qoruyur. Bu gün Vətənə əsgər olan Nicat Babayevin ürəyi sevinclə doludur. O, bizimlə söhbətə Azərbaycan Ordusu haqqındakı xoş təəssüratları ilə başlayır. Ordumuza olan sevgi və məhəbbətindən danışır. Əsgər böyük fərəhlə söhbətə cığır salaraq deyir ki, xidmətə çağırılanadək ordumuzu bu cür güclü və qüdrətli təsəvvür etmirdi. “Xidmətə başlayandan sonra hər şeyi öz gözlərimlə gördüm, təsəvvürüm tamam dəyişdi. Sıralarında xidmət etdiyim ordumuzun gücünü, qüdrətini yaxından görəndə sevinc hissləri keçirdim. Bu gün xidmətimi ön xətdə yerinə yetirməyimdən qürur duyuram. Müşahidə məntəqəsindən işğalda olan torpaqlarımıza baxanda, dağıdılmış evləri, viran qalmış yurd yerlərimizi görəndə ürəyim düşmənə qarşı nifrətlə dolur. Fikirləşirəm ki, ermənilərin işğal etdikləri kəndlərin, şəhərlərin sakinləri illərdir doğma ocaqlarının həsrəti ilə yaşayırlar. Bu həsrətə, bu ayrılığa Azərbaycan əsgəri döyüşlərdə qazanacağı uğurları və qələbələri ilə son qoyacaq. İnsanlar doğma ocaqlarına qayıtmalıdırlar. Ordumuz erməni ordusundan qat-qat güclü və qüdrətlidir. Zabit və əsgərlərimiz hərbi texnikanın və silahların xüsusiyyətlərini mükəmməl bilirlər. Ona görə də inamla demək olar ki, döyüşlərdə biz mütləq erməniləri məğlub edəcək, onları torpaqlarımızdan qovacaq, xalqımızı qələbə xəbərimizlə sevindirəcəyik”.

– Tovuz rayonu ətrafında gedən döyüşlər həm ordumuzun gücünü, həm də xalqın Azərbaycan Ordusuna olan sevgisini və inamını göstərdi, – deyə əsgər Kərəm Kazımov söhbətimizə qoşulur. – Erməni qəsbkarları xəyal edirdilər ki, qəfil hücumla mövqelərimizi ələ keçirib, döyüşlərdə uğur qazanacaqlar. Amma hər şey tərsinə oldu. Gündən-günə güclənən ordumuzun bölmələri cəsarət və hünərləri ilə işğalçıların hücumlarının qarşısını qətiyyətlə aldılar. Qısa müddət ərzində ermənilər ağır itki verərək geri çəkildilər. Xalqımız ordusunun, zabitinin, əsgərinin gücünü bir daha gördü. Gördü ki, ordumuz erməni qəsbkarlarını məğlub etmək, işğalda olan torpaqlarımızı azad etmək gücündədir. Əsgərlərimizin döyüş hazırlığının yüksək olması, düşmənə tutarlı cavab verməsi xalqın ordusuna olan inamını daha da artırdı. Ermənilər gücümüzün yenilməzliyini, qüdrətimizin qətiyyətini gördülər. Həmin günlərdə erməni qəsbkarları fəallaşıb təxribat törətməyə çalışsalar da, şəxsi heyətimiz dəqiq atəş zərbələri ilə işğalçıları susdurdu. Yurdumuzun keşiyində dayanmaqdan qürur duyuram. Fəxr edirəm ki, Vətənin əsgəriyəm, əldə silah torpaqlarımızın keşiyində dayanmışam.

Bu yaxınlarda məzuniyyətə getmişdim. Dost-tanışlarım xidmətimlə yaxından maraqlanırdılar. Mən də onlara keçdiyimiz təlim-məşqlərdən, öyrəndiyim silahlardan, ordumuzun yenilməz gücündən, xidmətimin maraqlı anlarından həvəslə danışdım. Xidmətimiz o qədər məsuliyyətlidir ki, vaxtın necə keçdiyini hiss etmirik. Asudə vaxtlarımızda isə qəzet oxuyur, televiziya kanallarını izləyir, ölkəmizdə gedən quruculuq işləri ilə yaxından tanış oluruq.

Ön xətdə xidmətini yerinə yetirən əsgərlərdən Murad Məcidov, Tunar Hüseynov, Musa Həmzəyev, İsgəndər Babayev və başqaları yurdumuzun keşiyində ayıq-sayıq dayanacaqlarını, erməni qəsbkarlarını məhv edəcəklərini bildirirlər. Belə vətənpərvər, döyüş hazırlığı yüksək olan əsgərlərin sözlərindən ürəyimiz dağa dönür. Əmin oluruq ki, onlar torpaqlarımızı göz bəbəyi kimi qoruyurlar.

Mövqelərdən aşağı düşürük. Bir anlıq leytenant Cavid Hüseynovun sözlərini xatırlayıram. Bir az əvvəl bizimlə söhbətində gənc zabit deyirdi ki, Vətən əsgərindir – əsgər Vətənin. Əsgər Vətənini qoruyur, Vətən də ona sinəsində yaşamaq üçün yer verir. Deməli, Vətənimiz qorunmalıdır ki, yaşamaq üçün əbədi-əzəli məskənimiz olsun. Bunu dərindən dərk edən əsgərlərimiz mövqelərində ayıq-sayıq dayanır, torpaqlarımızı erməni işğalçılarından qoruyurlar. Vətəni qoruyuruq ki, müstəqilliyimiz daimi, əbədi və dönməz olsun.

Vahid Məhərrəmov

Şərh yaz