Beynəlxalq Enerji Agentliyi: Təmiz enerji texnologiyalarına investisiyalar sürətləndirməlidir

0

Qlobal iqlim dəyişikliyi böhranının qarşısını almaq və sıfır emissiya hədəflərinə çatmaq üçün bu gündən etibarən təmiz enerji texnologiyalarına investisiyalar sürətləndirməlidir.

“herbind.az” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Agentliyin 800 müxtəlif texnologiyanı araşdıraraq hazırladığı “Enerji Texnologiyaları Perspektivləri 2020 Hesabatı”na görə, yeni növ koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin qərarları qlobal karbon emissiyalarının da azalmasına səbəb olur. Lakin bu sahədə struktur dəyişiklikləri edilmədiyi təqdirdə emissiyalardakı azalmanın qalıcı olacağı gözlənilmir. Bu çərçivədə 2070-ci ilədək xalis sıfır emissiya hədəflərinə çatmaq üçün iqtisadiyyatın bir çox sahəsindəki enerji ehtiyaclarını ödəmək üçün ətraf mühitə zərərli fosil mənbələrindən istifadə etmək əvəzinə təmiz enerji mənbələrinə keçmək lazımdır.

Bərpaolunan enerji mənbələrinin gücündəki artımın sürətləndiyi son dövrlərdə təkcə elektrik enerjisi sektorunun transformasiyası nəticəsində sıfır emissiya hədəflərinin üçdəbirinə çatmaq mümkün ola bilər. Lakin bir çox sahədə, xüsusən nəqliyyat, binalar və sənaye sektorunda təmiz enerji transformasiyasına ehtiyac var. Nəqliyyat, sənaye və binalar qlobal emissiyaların 55 faizini əhatə edir. Bu sektorlarda təkrar emal, elektriklə işləyən nəqliyyat vasitələrindən istifadə, binaların qızdırılması və digər məsələlərlə bağlı görüləcək tədbirlərin sıfır emissiya hədəflərinə çatmağa ən böyük töhfə verəcəyi gözlənilir. Bu hədəflərə çatmaq üçün bu gündən etibarən təmiz enerji texnologiyalarına investisiyalar və yeniliklər sürətləndirilməlidir.

Şərh yaz