Deputat: İqtisadi Şura xarici sərmayənin cəlbi üçün mövcud imkanların genişləndirilməsinə nail olacaq

0

Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması islahatlara sistemli şəkildə yanaşma baxımından çox vacibdir.
“Herbiand.az” AZƏRTAC a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Nəzərə alsaq ki, İqtisadi Şura yalnız pandemiya və xarici şokların təsirlərinin minimumlaşdırılması deyil, eyni zamanda, fərqli sektorlarda qiymətləndirmənin aparılması, bu istiqamətdə proqram və layihələrin həyata keçirilməsini təmin edəcək. İqtisadi Şura investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı təkrar paket hazırlayacaq və xarici sərmayənin cəlb edilməsi üçün mövcud imkanların genişləndirilməsinə nail olacaq. Bu da ölkədə biznesin dəstəklənməsi baxımından çox vacibdir. Digər tərəfdən diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, İqtisadi Şura tərəfindən sektorlardakı mövcud vəziyyətin qiymətləndirilməsi həm də təkliflərin hazırlanması baxımından çox vacib hesab olunur. Çünki vəziyyəti qiymətləndirdikdən sonra real təkliflərin hazırlanması və həyata keçirilməsi mümkündür. Digər vacib məsələ İqtisadi Şuranın ildə iki dəfə Prezident İlham Əliyevə hesabat verməsidir. Bu, həm İqtisadi Şuranın məsuliyyətliliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi baxımından önəmlidir. Bu da ondan xəbər verir ki, İqtisadi Şuranın fəaliyyəti birbaşa ölkəmizin başçısının nəzarətində olacaq”, – deyə deputat qeyd edib.

Şərh yaz