Azərbaycan – Bərpa olunan enerji mənbələri yüksək potensialına malik olan ölkə

14

Bu gün dünyada alternativ enerji mənbələrinə diqqət artıb. Bu da təsadüfi deyil. Çünki bu gün elektrik enerjisi istehsalında aparıcı rola malik karbohidrogen resursları nə zamansa tükənəcək. Hətta nikbin proqnozlar belə göstərir ki, neft sənayesi on-on beş il ərzində öz pikinə çatacaq və bundan sonra tədricən bu sahədə düşmə izlənəcək. Çıxış yolu isə alternativ enerji mənbələridir.

Azərbaycanın enerjisi

Energetika Nazirliyinin 2019-cu il üzrə statistikasına əsasən, Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7556 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir.
Hidroenerji gücü 1135 MVt (22 ədəd stansiya, 12-i kiçik su elektrik stansiyası), külək enerjisi gücü 66 MVt (5 stansiya, 1-i hibrid), bioenerji gücü 38 MVt (2 stansiya, 1-i hibrid), günəş enerjisi gücü 37 MVt (9 stansiya, 1-i hibrid) təşkil edir. 1 ədəd hibrid elektrik stansiyasında (Qobustan) külək – 2,7 MVt, günəş – 3 MVt və bioenerji – 1 MVt əsaslı qurğular quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında ümumi gücü 24 MVt olan 3 günəş elektrik stansiyası istismar edilir. İri su elektrik stansiyaları daxil edilmədən bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 2019-cu ildə 166,3 MVt olmaqla ümumi elektrik enerjisi istehsalı gücünün 2,2%-ni təşkil edib.
2019-ci ildə respublika üzrə istehsal edilən elektrik enerjisi 26,1 milyard kVt•st olub ki, bunun da 1,9 milyard kVt•st-ı bərpa olunan enerji mənbələrinin payına düşüb. İl ərzində külək elektrik stansiyalarında 105,4 mln. kVt•st, günəş elektrik stansiyalarında 44,2 mln. kVt•st, bərk məişət tullantılarının yandırlması zavodunda isə 195,9 mln. kVt•st elektrik enerjisi istehsal olunub. Kiçik su elektrik stansiyalarında (ümumi güc 25,3 MVt) 53,6 milyon kVt•st təşkil edib.
İri su elektrik stansiyaları daxil edilmədən bərpa olunan enerji mənbələrindən istehsal olunmuş elektrik enerjisi 2019-cu ildə 399,1 milyon kVt•st olmaqla ümumi elektrik enerjisi istehsalının 1,5%-ni təşkil edib.
Bu stansiyalar, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 20 MVt-lıq günəş elektrik stansiyası, 2018-ci ildə “Azərişıq” ASC tərəfindən istismara verilən 50 MVt gücündə külək elektrik parkı ölkə iqtisadiyyatının və əhalisinin elektrik enerjisi ilə təminatında və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Ancaq iri su elektrik stansiyaları daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücünün ümumi gücün 17%-ni təşkil etməsi ilə kifayətlənilə bilinməz.

Potensial mənbələr

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Çünki Azərbaycan bərpa olunan enerji mənbələri yüksək potensialına malik olan ölkələrdəndir. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Proqramın qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində köklü dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb.
2009-cu ildən başlayaraq ölkə rəhbərliyi tərəfindən bu sahədə qəbul edilmiş qərarlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsinə xüsusi diqqət göstərdiyini sübut edən nümunələrdir. Ölkə rəhbərliyi tərəfindən qəbul edilmiş qanunvericilik aktlarında milli enerji təhlükəsizliyinin genişləndirilməsində alternativ və bərpa olunan enerji istehsalının artırılmasının böyük rolu olduğu dəfələrlə vurğulanıb.

Su gücü

“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na əsasən, 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırlması əsas hədəf kimi müəyyənləşdirilib. Bəs bu hədəfə nail olmaq nə dərəcədə realdır?

Bu aspektdə bir məqamı xüsusi qeyd etmək lazımdır. Azərbaycanda alternativ enerji mənbələrinin daha geniş istifadəsi Mingəçevir Su Elektrik Stansiyası (SES) tikintisi ilə başlayıb. Su elektrik stansiyaları (SES) suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyasıdır. Tikintisi Kür çayı üzərində nəzərdə tutulan bu elektrik stansiyaları silsiləsinin aşağı pilləsi olan Mingəçevir SES 1954-cü ildə istifadəyə verildi. Üç il sonra isə həmin su qovşağı qurğuları kompleksinə daxil olan Varvara SES istismara buraxılıb. Sovet İttifaqının süqutundan sonra Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb olunması istiqamətində işlər aparılıb. Bunun nəticəsi kimi tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılmasını qeyd etmək olar. Avropa Yenidənqurma və İnkişaf Bankının Yenikənd SES-in inşası məqsədilə 53,2 milyon ABŞ dolları məbləğində kredit ayırması və respublika energetiklərinin və inşaatçıların gərgin əməyi nəticəsində 2000-ci ilin dekabr ayında həmin SES istifadəyə verilib.

“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəfinə nail olunmasında da istifadəyə veriləcək su elektrik stansiyaları mühüm rol oynayacaq. Dövlət Proqramında da qeyd edilmişdi ki, Azərbaycan Respublikasında çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik su elektrik stansiyaları yerləşdirmək olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə 3,2 mlrd kVts təşkil edə bilər. Proqramda yaxın perspektivdə 61 kiçik SES-in tikintisi məqsədəuyğun hesab edilmişdi. Qeyd olunmuşdu ki, bu SES-lər irriqasiya kanalları üzərində, axını tənzimlənməmiş çaylarda və tikiləcək su anbarlarının yanında yerləşdirilə bilər. Ölkədə həmçinin vahid enerji sisteminin elektrik xətlərindən və yarımstansiyalarından uzaqda yerləşən obyektlərin, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizində mikro SES-lərdən də istifadə olunması elektrik enerjisi problemləri ilə yanaşı, digər sosial məsələlərin də həllinə imkan yarada bilər.

Ötən dövr ərzində atılan addımlar bu istiqamətdə sistemli işlər aparıldığını təsdiqləyir. Ümumi gücü 150 meqavat olan Yenikənd SES 2003-cü ildə tam istismara verilib. 2008-ci ilin 18 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Füzuli rayonunda Baş Mil kanalı üzərində 25 MVt gücündə su elektrik stansiyasının təməli qoyulub və dövlət başçısının iştirakı ilə 2012-cı il 15 dekabr tarixində istismara verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2006-ci il 20 dekabr tarixində Naxçıvan Muxtar Respublikasında 5 MVt gücündə Vayxır su elektrik stansiyası, 2010-cu il 3 oktyabr tarixində Naxçıvan Muxtar Respublikasında 22 MVt gücündə Biləv su elektrik stansiyası, 2012-ci il 20 dekabr tarixində Qusar rayonu ərazisində 1 MVt gücündə “Qusar-1” kiçik su elektrik stansiyası, 2013-cü il 14 avqust tarixində qoyuluş gücü 1,6 MVt olan “İsmayıllı-1” kiçik su elektrik stansiyası , 2013-cü il 28 sentyabr tarixində gücü 25 MVt olan Taxtakörpü su elektrik stansiyası, 2014-cü il noyabrın 15-də gücü 25 MVt olan “Şəmkirçay” su elektrik stansiyası, 2014-cü il 7 aprel tarixində ümumi gücü 21,9 MVt olan “Arpaçay-1” və “Arpaçay-2” su elektrik stansiyaları, 2015-ci il 6 oktyabr tarixində Göyçay rayonu ərazisində 3,1 MVt gücündə “Göyçay-1” su elektrik stansiyası, 2017-ci il 3 avqust tarixində Balakən rayonunda 1,5 MVt gücündə “Balakən-1” kiçik su elektrik stansiyası, 2018-ci il 15 oktyabr tarixində 260 KVt gücündə “Astara-1” kiçik su elektrik stansiyası işə salınıb.

O cümlədən 2017-ci il 11 yanvar tarixində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 36 MVt gücündə “Ordubad” Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il 16 aprel tarixində “Varvara” su elektrik stansiyasının yenidən qurmadan sonra açılışında iştirak edib. Yenidən qurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənib. Bunun nəticəsində isə stansiyanın gücü artırılaraq 18 MVt-a çatdırılıb.

Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi sahəsində nazirliyin həyata keçirdiyi tədbirlərin dəstəklənməsi ilə bağlı BP şirkəti tərəfindən Energetika Nazirliyinə dəstək proqramı həyata keçirilir. Bu məqsədlə məsləhətçi şirkət olaraq “SNC-Lavalin’s Atkins” şirkəti cəlb edilib. Layihə çərçivəsində aparılan təhlil və qiymətləndirmənin nəticələri əsasında və mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla stansiyaların fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı tövsiyələr və yol xəritəsi hazırlanır. 2020-ci il ərzində layihənin yekunlaşdırılması nəzərdə tutulur.

Mikayıl Həsənli

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ekologiya və Təbiİ Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə həyata keçirdiyi “Altenrativ mənbələrdən istifadə etməklə təbiəti qoruyaq” layihəsi çərçivəsində hazırlanıb.

Şərh yaz