“Azərbaycançılıq ideologiyasından ziyalı təbəqə mütləq şəkildə məlumatlı olmalıdır və gəncləri də bu istiqamətdə yönləndirməlidirlər”

2

Azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərin varlığını, xalqın kimliyini, etnik kökündən tutmuş müasir dövrünə kimi özündə əks etdirən, milli təfəkkürünü eyni məqsədlər uğrunda birləşdirən dəyərlər sistemidir. Bu dəyərlərə daxil olan dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini genişləndirir və sərhədsiz edir. Azərbaycançılıq ideologiyası ətrafında gənc şair, dil-ədəbiyyat müəllimi Azər Xanlarovla vətən həsrətli sözbətimizi oxuculara təqdim edirik.

– Sizi yaxından tanıyaq…

–  Mən Xanlarov Azər Rəşid oğlu Laçın rayonu Qılınclı kəndində anadan olmuşam. Qarabağ müharibəsi zamanı baş verən məlum hadisələrlə bağlı doğma torpaqlarından qovulanlardan biri də mənəm və bunu özümə bağışlaya bilmirəm.
Bakı Asiya Universiteti Filologiya fakültəsini bitirdikdən sonra hərbi xidmətə yollandım və Murovda xidmətimi başa vurdum. Hal-hazırda ixtisasıma uyğun olaraq otra məktəbdə müəllim işləyirəm, həmçinin Bakı Slavyan Universtetinin Yaradıcılıq fakültəsində ikinci təhsil alıram.

– Bəs yaradıcılıq?

– Mənim elə də böyük və haqqında söz açılacaq yaradıcılığım yoxdur. Sadəcə bu yaxınlarda  “Ömür bumu” adlı şeir kitabım işıq üzü görüb. Bundan başqa, bu günə kimi bir sıra yazılarım  ”Ulduz”, “Yazı”, “Laçın yurdu” jurnallarında, “Gənclər üçün”, “Azad qələm”, “Laçın” və s. qəzetlərdə çap olunub.

– “Doğma torpaqlarından qovulanlardan biri də mənəm və bunu özümə bağışlaya bilmirəm” – dediniz. Özünüzü nədə günahlandırırsız?

–         Laçın adı ürəyimdə,
Qanım yazıb, sətir-sətir.
Ölüncə əzab çəkəcəm,
Faydası yox, min ləl gətir.

 

Küsdü, yuxuma gəlmədi.
Onsuz heç üzüm gülmədi.
Yad əllərdə inildədi,
Sal qayalar, gen dərələr,
El dilində neçə ildir,
Qan ağlayır xatirələr.

– Bundan başqa, həm də o dönəmlərdə siyasətimiz bərbad gündəydi. Didərgin düşmüş o insanların sırasında mən də olmuşam və yaşımın nə qədər olmasına baxmayaraq, bu gün Qarabağ hələ də düşmən tapdağında qaldığı halda utanc hissi keçirməyə bilmirəm. O  torpaqllar, o dağlar-dərələr, yaylaqlar gözümün qabağındadır, baxmayaraq ki, uşaq yaşlarında çıxmışam o yerlərdən, yenə də unutmaq mümkün deyil. Ancaq bununla təsəlli tapmaq olar ki, getdikcə təbliğat gücləndirilir. Həmçinin məktəblərdə uşaqlar bizim kimi vətən həsrətli müəllimlər və s. layihə rəhbərləri, QHT, İctimai birliklər tərəfindən vətənpərvərlik mövzusunda maarifləndirilir.

– Keçək mövzumuza. Azərbaycançılıq ideologiyası deyiləndə, sizcə nə başa düşülür?

– Hər bir xalqın öz ideologiyası, adət-ənənələri olur. Bizdə də həmçinin, bu ideologiya hal-hazırda məfkurə kimi mövcudluğunu daşıyır, amma hələ tam şəkildə təbliğat olunmayıb ki, bütün vətəndaşlarımız bu termindən hali olsunlar. Bizim həm yazılı, həm də şifahi ədəbiyyatımıza nəzər salsaq görərir ki, əcdadlarımızdan ta üzü bəri həmişə yaxşı şeylər haqqında fikirləşmişik. Nəriman Həsənzadənin belə bir beyti var: “Qərb odlu silahlar icad edəndə, Şərq muğamat üstə fikirləşirdi”. Biz həmişə oxuyub təhsil almaq, qurub-yaratmaq arzusunda olmuşuq. Əzilsək, incidilsək belə ruhdan düşməmişik. Həmişə qonşuluğunda olduğumuz xalqlar, dövlətlər tərəfindən gizli və aşkar şəkildə təzyiqlərə məruz qalmışıq. Bayaq vurğuladığım kimi, vaxtı ilə zəif, qərəzli siyasətçilərin ucbatından da torpaqlarımızı qoruya bilməmişik.Vətən, torpaq məsələsi zəif nöqtəmizə çevrilib, hələ də 20% torpaqlarımıza uzaqdan, həsrətlə baxırıq. Biz vətənpərvərlik ideologiyamızı daha da gücləndirməliyik.

–  Sizcə azərbaycançılıq ideologiyasından kimlər xəbərsizdir?

– Azərbaycançılıq ideologiyasından ziyalı təbəqə mütləq şəkildə məlumatlı olmalıdır və gəncləri də bu istiqamətdə yönləndirməlidirlər. Xudu Məmmədovun gözəl bir kəlamı var: “Siz uşaqlarınıza vətən haqqında danışın, onlar özləri vətəni sevməyi öyrənəcəklər”. Bu ifadə həmişə məni düşündürür ki, kaş bütün ziyalılarımız, müəllimlərimiz gənclərimizə vətənpərvərlik mövzusunda təmənnasız bilik versinlər, heç bir mənfəət güdməsinlər. Həmçinin kaş ki, bütün valideynlərimiz öyrənməyə yer, məkan axtaranda birinci öz vətənimizdən başlasınlar. Daha öz torpaqlarımızı qarış-qarış gəzmədən, görmədən və uşaqlara göstərmədən xarici ölkələrə üz tutub səyahətləri barədə uşaqlarına nağıl etməsinlər. Belə olduğu haldadır ki, böyüyən uşaqların, yetişən gəncliyin əksəriyyəti azərbaycançılıq ideologiyasından və bunun kimi bir çox milli adət-ənənələrimizdən xəbərsiz qalır. Ona görə də, bütün gücümüzü səfərbər edib, elə bu ideologiyanın yaratdığı imkanların hesabına doğma torpaqlarımızı özünə yuva seçən bütün millətlərdən olan nümayəndələr bu maarifçilikdə fəal olmalıdırlar ki, bu günə qədər gəlib çatan milli ideologiyamız bu gündən də sabaha yol ala bilsin. Bir sözlə, gəncliyimizə biliklə, elmlə isbat etməliyik ki, vətəni olmayanın evi, dili, folkloru  şübhə altındadır. Hər zaman yox olma təhlükəsi kimi. Yalnız bu zaman bütün milli dəyərlər qavranılmış olacaq, həmçinin də milli məfkurəmiz olan azərbaycançılıq ideologiyası.

– Sizcə cəmiyyət belə məsələlərin öyrənilməsində niyə possivdir?

– Ziyalı təbəqənin özünü aktiv göstərə bilməməsindən irəli gəlir, yəqin ki…  Yəhudilərdə adətdir ki, hər evdən ən azı bir savadlı, istedadlı, oxuyan gənc çıxmalıdır və bununla da yəhudilər dünyanın ən savadlı, bilikli xalqı hesab edilir. Robin Şarmanın “Ferrarisini satmış rahib” romanında yazılır ki, “Əgər arıqlamaq istəyirsənsə, bunu mütləq dostlarının arasında dilə gətir”. R.Şaarmanın düşüncəsinə görə, bu zaman insanda prinsip formalaşır, çünki sabah dedin, amma etmədin kimi iradlar ola bilər. Yəhudilər də bu üsuldan istifadə edərək irəli gedirlər. Yəni qarşılarına məqsəd qoyduqları üçün buna məcburdular. Biz də qarşımıza məqsəd qoymalıyıq və itirilən torpağımızın yoxluğuna barışmamalıyıq. Təbriz, Göyçə, Borçalı, Qarabağ, Laçın, Şuşa və digər torpaqlarımız bizi gözləyir. Ruhlanmalı, prinsipiallığımızı artırmalı, dövlətə və dövlətçiliyə  lazım olan bütün maraqlı məqamları vətəndaş borcumuzdan çıxış edərək öyrənməli və gündəlik yaşamımızda, işimizdə, vəzifəmizdə, hətta istirahət günlərimizdə də tətbiq etməliyik. Bizə dayanmaq, sadəcə utanc hissini içimizdə gəzdirərək yaşamaq yaraşmaz. Bizi, bu torpaqda bütün vətəndaşları bir bayrağın kölgəsində, bir gerbin əhatəsində və bir himnin sədaları altında cəm edən, qardaşlaşdıran bu məfkurəni, azərbaycançılıq ideologiyasını dərinliklərinə qədər öyrənməli və öyrətməliyik.

Əgər doqquz milyondan yüz nəfər ziyalımız, müəllimimiz bu termin haqında maraqlı fikirləri, düşüncələri ilə cəmiyyətimizə daxil ola bilsələr, xalq bu termini qavraya bilər. Necə deyərlər: “Dünyanı dəyişmək istəyirsənsə, birinci özündən başla”. Hərəmiz öz sahəmizdə aktiv, aktual və bayaq dediyim kimi təmənnasız xidmət etsək, təbii ki, ölkədə hər hadisə öz yolunda gedər. Təbliğatımız güclü olmalıdır, həm də məntiqli. Televiziyalar, radiolar və bütün KİV fəal, aktiv şəkildə çalışmalıdır ki, cəmiyyət maariflənsin. Bu bir az uzun zaman və ağır çalışmalar tələb edə bilər, ancaq nəzərə alınmalıdır ki, asan başa gələn heç bir işin bəhrəsi davamlı bar verməz.

– Konkret olaraq, bu passivliyi aradan qaldırmaq üçün nə etmək olar?

– İşğal altındakı torpaqları azad etmək lazımdır. Buna gücümüz də var, qüvvəmiz də. Qeyd etdiyimiz kimi, azərbaycançılıq ideologiyası vasitəsi ilə bütün vətəndaşlarımız bərabərhüquqlu şəkildə yaşayır. Bizə qalır vətənpərvərlik ideologoyasını insanlar arasında yaymaq və insanlara vətəni sevdirmək.

– Yazarlarımızın necə, vətənpərvərlik ruhundan bəhrələnmək mümkündür?

– Sovet dövrünə fikir versək, yazıçılarımız, şairlərimiz elə maraqlı əsərlər yarada bilib ki, o dövrün ziddiyətləri olsa da həmin əsərlər bu gün də öz gözəlliyini qoruyub saxlayır.  S.Vurğunun şeirindən belə bir bənd yadımdadır: “Duysun ana torpaq, eşitsin vətən! Müsəlləh əsgərəm mən də bu gündən”.

– Sizin özünüzün necə, vətənpərvərlik mövzusunda şeiriniz var?

– Çoxdur elə şeirlərim. Məsələn:

Mən tarixin yaddaşında,

Babəklərin qılıncıyam.

Dədə Qorqud boylarında,

Əsrləri aşıb gələn,

Qopuzların, alqışların–

dalıncayam.

Dilimdədir…

Ələsgərin qoşmaları.

Dastanlarda qan ağlayır,

Kərəmlərin Əsli yarı.

Sarı aşıq –“Yaxşı” deyib,

Dad diləmiş.

Sinəsində bayatılar,

Od çiləmiş,

Od üstünə.

Ürəyimi gələcəyə,

Kitab elə,

Yaz üstünə.

Xocalını şəhid edib–

talayıblar.

Körpələri süngülərlə –

doğrayıblar.

Alovlarda, ocaqlarda –

qalayıblar.

Muğamlarda həsrət odu,

Dərd qoxuyan,

Babaların, nənələrin bəstəsini.

Müşfiqlərin sorağında,

Dilbərlərin Haqq səsini.

Zakirlərin,Vaqiflərin,

Qərib durna dəstəsini,

Yaz əlinlə, yaz qəlbimə.

Sətir-sətir, ilmə-ilmə!

 Ramilə QARDAŞXANQIZI

Şərh yaz