Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı İsrailin nüfuzlu “i24 NEWS” kanalına müsahibə verib

1

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı İsrailin nüfuzlu “i24 NEWS” kanalına müsahibə verib.
Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Azərbaycanın 30 ildir Ermənistanın hərbi təcavüzündən əziyyət çəkdiyini, Ermənistanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu işğal etdiyini, Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün olduğunu vurğulayıb. O, sentyabrın 27-dən başlayaraq ermənilərin azərbaycanlılara, xüsusən də təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki vətəndaşlara qarşı hücumlar etməklə növbəti təxribata başladığını deyib. Bildirib ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatı həyata keçirmək məcburiyyətində qaldı.
Prezidentin köməkçisi üç gündür davam edən qarşıdurmalarda ermənilərin bir ailənin bütün üzvlərini daxil olmaqla 13 azərbaycanlını, o cümlədən 2 uşağı öldürdüyünü bildirib. O, həmçinin 30-dan çox dinc vətəndaşın ağır yaralandığını qeyd edib.
Hikmət Hacıyev Azərbaycanın həyata keçirdiyi bu əks-hücum əməliyyatında son məqsədin ölkənin ərazi bütövlüyünü və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etmək olduğunu vurğulayıb. O əlavə edib ki, Ermənistan işğalçı dövlətdir və Azərbaycan özünümüdafiə hüququndan istifadə edir.
İsrail-Azərbaycan münasibətləri ilə bağlı suala cavabında Prezidentin köməkçisi əlaqələrimizin strateji tərəfdaşlığa, həmçinin tarixi dostluğa əsaslandığını deyib. O bildirib ki, ölkəmizin inkişafına geniş töhfə verən yəhudi icması ilə fəxr edirik. Azərbaycanın milli qəhrəmanlarından biri olan yəhudi əsilli Albert Aqarunov 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunduğu zaman Azərbaycan şəhərini müdafiə edib.

Şərh yaz