Ermənistanın fiskal imkanları bahalı və uzunmüddətli resurs müharibəsi aparmağa hazır deyil

5

Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə Ermənistandakı mövcud iqtisadi ressesiyanı dərinləşdirməkdə və mövcud bütün resurslarını məhv etməkdədir. Belə ki, Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibədə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi açıqladığı məlumatlara əsasən, rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21:30-dək düşmənin 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, bir ədəd “S-300” zenit-raket kompleksi məhv edilib. Qeyd edək ki, bundan əlavə Ermənistanın 2 ədəd “SU-25” hərbi qırıcısının dağa çırpılaraq məhv olduğu barədə məlumatlar açıqlanıb.
Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, mərkəzin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ayaz Museyibov Ermənistanın düşdüyü acınacaqlı vəziyyəti şərh edib
O bildirib ki, məhv edilən “S-300” sistemlərinin qiyməti növlərindən asılı olaraq 115 milyondan 160 milyon ABŞ dollarınadək dəyişir. Hərbi-analitik “Deagel” nəşrinə görə, Ermənistanın arsenalında olan silahlar isə “S-300”lərin “PMU1” modifikasiyasına məxsusdur. Bu modifikasiyaların qiymətləri isə 160 milyon dollar civarında, bir raketinin qiyməti isə 1 milyon dollardan çox qiymətləndirilir. Həmçinin “SU-25” təyyarələrinin qiyməti 11 milyon dollardır. Əlavə olaraq, düşmənin arsenalında olan və məhv edilən 200-dək “T-72” və onun müxtəlif modifikasiyalarının ümumi qiyməti isə 300 milyon dollar civarında qiymətləndirilir. Hərbi ekspertlər Ermənistanın məhv edilən hava hücumundan müdafiə sistemləri arasında əsasən “Osa” komplekslərinin üstünlük təşkil etdiyini bildirirlər. Bu tipli silahların birinin qiyməti isə 20-25 milyon dollar arasında dəyişir. Həmçinin ötən 4 gün ərzində düşmənin sıradan çıxarılmış təkcə avtomobil texnikasının ümumi qiyməti 2 milyon dollardan çoxdur. Göründüyü kimi, cəmi 4 gün ərzində qəhrəman Ordumuzun düşmənə endirdiyi zərbələr nəticəsində rəqibin 1 milyard 200 milyon dollardan çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib.
“Qeyd edək ki, bu ölkənin Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2020-ci il ərzində dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclər 634 milyon dollar civarındadır. Dünya Bankının məlumatına əsasən, bu ölkənin ümumi daxili məhsulu 2019-cu ildə 13 milyard dollar civarında olub. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına görə, bu ölkə hər il ÜDM-in 5 faizə yaxınını hərbi xərclərə ayırır. Nüfuzlu “Global FirePower” hərbi-analitik mərkəzinin hesablamalarına əsasən isə Ermənistanın ümumi hərbi büdcəsi 1 milyard 385 milyard dollar qiymətləndirilir. Göründüyü kimi, cəmi 4 gün ərzində Azərbaycan Ordusu düşmənin hərbiyə ayırdığı vəsaitdən 2 dəfə çox büdcəsini, ümumi hərbi büdcəsinin isə tamamını məhv edib. Qeyd olunanları nəzərə alaraq, indiki vəziyyətdə düşmənin resurs müharibəsinə çox davam gətirəcəyi gözlənilmir. Çünki, pandemiyanın gətirdiyi yeni iqtisadi şərait bu ölkədə iqtisadi vəziyyəti onsuz da kəskinləşdirib. Bu baxımdan həmin ölkənin uzunmüddətli resurs müharibəsi aparmaq üçün heç bir əlavə imkanları mövcud deyil. Bu ölkənin iqtisadiyyatı cari ilin ikinci rübündə 2009-cu ildən bəri ən kəskin azalmanın (13,7 faiz) şahidi olub. Ölkənin Statistika Komitəsinin məlumatına əsasən, iqtisadiyyat ilin əvvəli ilə müqayisədə isə ümumilikdə 5,7 faiz azalıb. Cari ilin iyul ayının göstəricilərinə əsasən, ticarət balansında 1 milyard dollar həcmində kəsir mövcuddur. Fiskal büdcə defisiti isə ÜDM-in 5 faizi civarındadır”, – deyə ekspert bildirib.
A.Museyibov əlavə edib ki, Ermənistanın iqtisadi artımının ən yüksək drayveri hesab olunan xidmət sektoru pandemiyanın təsiri ilə onsuz da 10 faiz azalmışdı. Müharibə şəraitində isə xidmət və turizm sektorunun Ermənistanda çökəcəyini və bunun iqtisadi göstəriciləri kəskinləşdirəcəyini proqnozlaşdırmaq heç də çətin deyildir. Belə ki, Ermənistan Mərkəzi Bankının rəsmi məlumatına görə, bu ölkənin hazırda rəsmi rezerv aktivləri 2,6 milyard dollar həcmindədir. Artıq cəmi 4 gün ərzində bu ölkənin aktivlərinin 50 faizi həcmində “əlavə xərc”i yaranıb. Yeganə olaraq, erməni hökumətinin istinad edə biləcəyi borclanma siyasətinin də artıq fayda verməyəcəyi məlumdur. Belə ki, bu ölkənin Maliyyə Nazirliyi tərəfindən açıqlanan məlumatlarda da ölkənin getdikcə borc bataqlığında olduğu görünməkdədir. Cari ilin yanvar-avqust ayları ərzində büdcənin gəlirləri ötən illə müqayisədə 6 faiz azalıb. Həmçinin bu ölkənin 6 milyard 48 milyon dollar həcmində xarici borcu mövcuddur. Hələ müharibə başlamazdan öncə dövlət borcunun 2020-ci ildə ÜDM-in 60 faizədək artması Maliyyə Nazirliyinin proqnozlarında əks olunurdu. Qeyd edək ki, qəbul olunmuş beynəlxalq metodologiyaya əsasən bu göstəricinin 40 faizdən yüksək olması ölkənin maliyyə və iqtisadi təhlükəsizliyi üçün təhlükəli hesab olunmur.
Ekspert deyib: “Ermənistan hökumətinin rəsmi proqnozlarında 2025-ci ilədək ölkənin bu borc bataqlığından çıxmayacağı və ən azı ÜDM-in 50 faizi həcmində dövlət borcunun olacağı da proqnozlaşdırılıb. Digər tərəfdən, 2020-ci ilin Statistika Komitəsinin avqustun 31-də açıqladığı məlumatlardan da görünür ki, bu ölkənin dövlət borcunun 76 faizdən çoxu xarici valyutada, əsasən də ABŞ dollarında (40 faizə yaxın) əks olunub və ümumi borcların 20 faizə yaxını üzən faiz dərəcəsi alınıb ki, bu da qarşıdakı qeyri-stabillik vəziyyətlərində ölkənin borclara görə ödədiyi borca xidmət xərclərini artıracaq. Hazırda bu ölkənin, cəlb etdiyi xarici kreditlərin ümumi həcmi isə 4 milyard 607 milyon dollar təşkil edir. Ümumi həcmdə əsas pay bir neçə beynəlxalq təşkilat və ölkədən olan investorlara məxsusdur ki, burada da borc tərkibinin diversifikasiya edilmədiyinin şahidi oluruq. Gözləniləndir ki, bu istiqamətdə investiyalar repatriasiya ediləcək. Bu baxımdan, hazırda Ermənistanın nəinki hərbi, həmçinin iqtisadi təhlükəsizliyi də özünün destruktiv və əsassız siyasəti nəticəsində təhlükə altına düşüb. Göründüyü kimi, statistik iqtisadi göstəricilər Ermənistan iqtisadiyyatının ağır iqtisadi durumunun Azərbaycanla savaşı uzun müddət davam etdirməyə imkan vermədiyini və iqtisadi vəziyyətinin uzunmüddətli gərginliklərə, resurs savaşına hazır olmadığını göstərir. Statistik göstəricilərdən də vacibi isə, həqiqət anının Azərbaycan xalqının tərəfində olması fonunda ölkəmizdəki milli birlik qarşısında düşmənin çökəcəyi gün uzaqda deyil.

Şərh yaz