“Amnesty International”ın Azərbaycan Ordusunun öz torpağında vuruşması həqiqətini “görməməsi” riyakarlıqdan baş bir şey deyil

4

Azərbaycanda mövcud olan demokratik mühit, bu istiqamətdə yürüdülən uğurlu siyasət, xalq-dövlət vəhdəti və sürətli inkişaf bir sıra Avropa və Qərb dövlətlərini, o cümlədən həmin dövlətlərin əlində oyuncağa çevrilmiş qərəzli beynəlxalq təşkilatları ciddi narahat edir. Həmin qərəzli beynəlxalq təşkilatlar əsassız hesabatları və reallıqdan tam uzaq olan yalanla dolu bəyanatları ilə ölkəmizin beynəlxalq aləmdəki reytinqinə xələl gətirmək və mənfi rəy formalaşdırmaq istəyirlər, ancaq xəbis niyyətlərinə nail ola bilmirlər.
Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə deyib ki, zaman-zaman “Human Rights Watch”, “Freedom House”, “Amnesty International” kimi ermənipərəst dairələr tərəfindən maliyyələşən təşkilatlar ikili standartlardan və böhtandan əl çəkmir, yalanları ilə onlara olan inamı heçə endiriblər. Təbii ki, bu cür qərəzli təşkilatlar sıradan hesabatlar hazırlamırlar. Onların bu məsələdə hamisi rolunu məhz güclü erməni lobbisi oynayır. Bir çox hallarda bənzər təşkilatların şər-böhtan xarakterli hesabatları məhz özlərini “müxalifət”, eləcə də “insan hüquqlarının müdafiəsi” istiqamətində fəaliyyət göstərən QHT-lər adlandıran “beşinci kolon”un ötürdüyü yalan məlumatlar hesabına ictimailəşdirilir.
Son illər Ermənistan ordusunun sərhədboyu ərazilərdə törətdiyi təxribatlara, bunun nəticəsində hərbçilərin və mülki əhalinin qətlə yetirilməsinə və ağır yaralanmalarına, yaşayış məntəqələrinin dağıdılmasına göz yuman beynəlxalq təşkilatlar, deyəsən, qəflət yuxusundan oyanırlar. Bunun da səbəbi Ermənistan ordusunun sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi genişmiqyaslı təxribatlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması və əks-hücumlar zamanı düşməni darmadağın etməsidir. Görünür, ermənipərəst dairələr hələ də “güclü Ermənistan ordusu”nun qələbəsinə inanırmışlar. Ona görə də işğalçıların ərköyünlüyünə, təxribatlarına göz yumurdular. Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı qələbələr, işğalda olan ərazilərimizin 27 ildən sonra azad edilməsi ermənipərəst dairələr kimi “Amnesty International” təşkilatını da yandırıb-yaxıb. Bunu təşkilatın ikrah hissi yaradan bəyanatı da təsdiqləyir.
Həmin təşkilatın rəhbərliyinə Prezident İlham Əliyevin bəzi fikirlərini çatdırmaq istərdim: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.
Bu yerdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi cavabı xatırlatmaq yerinə düşərdi. Rusiya Prezidenti deyib ki, Ermənistan rəhbərliyinin Rusiyaya müttəfiqlik öhdəliklərinin icrası ilə bağlı sualı yoxdur: “Məlum olduğu kimi, Ermənistan KTMT üzvüdür və bizim bu müqavilə çərçivəsində müəyyən öhdəliklərimiz var. Çox təəssüf ki, döyüşlər hələ də davam edir. Amma döyüşlər Ermənistan ərazisində aparılmır. Öhdəliklərimizə gəldikdə, biz onları yerinə yetirmişik, yerinə yetiririk və yerinə yetirəcəyik”.
Öz haqq işi uğurunda mübarizə aparan, ərazi bütövlüyün təmin edən, öz torpaqlarında vuruşan Azərbaycan Ordusunu, dövlətimizi qınaq hədəfinə çevirən “Amnesty International” təşkilatı, nədənsə, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu görməzliyə vurur. Nə qədər kar və kor olmalısan ki, bu böyüklükdə haqsızlığı görməyə və eşitməyəsən. “Amnesty International” təşkilatı kimi. Ermənistan ordusunun Gəncə, Tərtər, Mingəçevir, Bərdə, Beyləqan, Ağcabədi, Xızı və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək, münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərini görməmək qərəzlilik deməkdir.
Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi tanıdan, əslində, bütün fəaliyyətini hüquq pozuntusunun müdafiəsinə yönəldən “Amnesty International” təşkilatı Ermənistanın raket zərbələri nəticəsində 27 azərbaycanlı mülki şəxsin həlak olduğunu, 141 nəfərin yaralandığını, 500-dən çox yaşayış binası və mülki obyektin dağıdıldığnı nəzərə almırsa, bu təşkilatın faşizm ideologiyasının qatı tərəfdarı olan Ermənistandan heç bir fərqi yoxdur. Bu cür vacib və həssas məsələdə selektiv yanaşma insan hüquqları prizması baxımından qərəzsizlik mövqeyinin tamamilə pozulması deməkdir.
Azərbaycan və Ermənistan Klaster silahları barədə Konvensiyanın tərəfləridir. Ölkəmiz bu konvensiya ilə öhdəlikləri tamamilə yerinə yetirir. Lakin Ermənistan ordusunun Azərbaycan qarşı istifadə etdiyi klaster bombaları münaqişə zonasında və ondan aralıda yerləşən kənd və şəhərlərin mülki əhalisinə və infrastrukturuna xeyli zərər vurub. Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatlara haqq verir. Azərbaycan Ordusu öz ərazisində ölkəmizin ərazi bütövlüyünü müdafiə edir və yalnız legitim hərbi obyektləri hədəf seçir. Konvensiyaya uyğun olaraq mülki obyektlərə atəş açılmır. Təəssüf ki, bunu şər və böhtançı kimi tanınan “Amnesty International” təşkilatı “görmür”. Ona görə də bu təşkilatın bəyanatlarını özündən başqa eşidən yoxdur.
Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi təxribatçı hərbi təcavüzünü və hərbi cinayətlərini dəstəkləyən dövlət və beynəlxalq təşkilatlar yalnız faşist xislətli olanlardır.

Şərh yaz