Hande Harmancı: Hazırda insanlarda pandemik yorğunluq və həssaslığın azalması müşahidə olunur

3

Azərbaycan koronavirusla mübarizədə ilk tədbir görən ölkələrin arasındadır. Mart ayının əvvəllərində dövlət tərəfindən atılan vacib addımlardan biri də məktəblərin bağlanılması idi. Tətbiq olunan ictimai səhiyyə tədbirlərinin nəticəsi olaraq yoluxma sayları getdikcə azalmışdı. Lakin sonradan yay aylarında sürətli artım yaşadıq. Yay mövsümünün sonlarına doğru vəziyyət yenidən nəzarət altına alındı. Payız girdikdən sonra, xüsusən də son iki həftədir yoluxma sayları yavaş-yavaş artır. Son bir neçə gün isə daha nəzərəçarpan artımlar qeydə alınır.
Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
“Yoluxma saylarının artımının müxtəlif səbəbləri ola bilər. Belə ki, qış ayları yaxınlaşdıqca COVID, eləcə də digər respirator virus infeksiyaları və mikroblar daha çox yayılır. Buna səbəb insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidir. Bununla yanaşı, hazırda insanlarda pandemik yorğunluq müşahidə olunur. Çünki fevral ayından bəri insanlara müəyyən qaydalara əməl etmələri, diqqətli olmaları tövsiyə edilir. İnsanlarda həssaslıq azalıb. Bu hal sadəcə Azərbaycanda deyil, bütün dünyada yaşanır. Onu da qeyd edim ki, ÜST pandemik yorğunluqla necə mübarizə aparılmasına dair yeni tövsiyələr yayımlayıb.
Son zamanlar Azərbaycanda qeydə alınan artım diqqəti cəlb edir. Yoluxma saylarının daha da artacağı gözlənilir. Rəqəmlərin artması qaçılmaz olacaq. Çünki insanların bir yerə toplanmasına vəsilə olan günlər yaşayırıq. Bir yerə toplandığımız zaman isə əksər vaxt koronavirusu düşünmürük. İnsanlara belə çətin günlərdə bu mesajları ünvanlamaq asan deyil. Lakin özümüz, sevdiklərimiz naminə xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün diqqətli olmalıyıq”, – deyə H.Harmancı qeyd edib.
Onun sözlərinə görə, hazırda Avropada yoluxma sayları sürətlə artır: “Bilirik ki, yoluxma sayları artmağa davam edəcək. Buna bəzən ikinci, üçüncü dalğa deyilir. Lakin bu, elə də əhəmiyyətli deyil. Təxminlərə görə, qışda yoluxma sayları yay aylarında qeydə alınan piki ötəcək”.

Şərh yaz