Azərbaycanın Baş prokuroru Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb

5

Oktyabrın 27-də Baş prokuror Kamran Əliyev Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkə arasında əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib.
Səfir Bahrom Aşrafxanovu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzulayan Baş prokuror sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən oktyabrın 4-də, 11-də və 17-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalmasını qeyd edib. Xüsusilə vurğulayıb ki, ümumilikdə mülki əhalidən 65 nəfər həlak olub. Onlardan 18-i qadın, 10-u uşaq olub. Həmçinin 71-i qadın, 33-ü uşaq olmaqla 308 nəfər yaralanıb. Ümumilikdə 2312 evə, 90 çoxmərtəbəli binaya və 405 mülki infrastruktur obyektinə külli miqdarda ziyan dəyib.
Kamran Əliyev, həmçinin Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində müvafiq bəyanatların qəbul edilməsinə üzv dövlət olaraq Özbəkistanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Özbəkistanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini, münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.
Səfir ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən ölkəsinin 27 il ərzində rəsmi mövqeyinin dəyişməz qaldığını bildirərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün Özbəkistan dövləti tərəfindən tanındığını və Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlədiklərini qeyd etməklə, birmənalı olaraq münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada baza prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.
O, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinin raket atəşinə tutulmasının ölkəsi tərəfindən pislənildiyini, Gəncədə törədilmiş cinayətlərin nəticələri ilə yerində tanış olduğunu bildirib. Bu hadisələrin dünya ictimaiyyətinə tanıdılması məqsədilə Baş Prokurorluq tərəfindən keçirilmiş brifinqlər, verilən məlumatlar və görülmüş digər tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Səfir ölkəsinin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının üzvlüyünə seçilməsində Azərbaycan dövlətinin verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Şərh yaz