Dövlət Miqrasiya Xidmətinin rəisi Vyana miqrasiya konfransında iştirak edir

5

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən noyabrın 16-19-da virtual qaydada keçirilən Vyana miqrasiya konfransında iştirak edir.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, konfransın bu il keçirilən görüşü “Şengen, sığınacaq islahatı və Avropanın miqrasiya diplomatiyası: COVID-19 hər şeyi dəyişdimi?” mövzusuna həsr olunub.
Tədbir çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun iştirakı ilə “Əmək miqrasiyasının hamı üçün faydalı olmasının təmin edilməsi – Şərq tərəfdaşlığından perspektivlər” mövzusunda sessiya keçirilib. Müzakirələrə MSİBM-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional portfel meneceri xanım Violeta Vaqner və Moldova Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri xanım Daniela Morari də qoşulub.
Əmək miqrasiyasından faydalanma imkanları barədə məlumat verən Vüsal Hüseynov əmək miqrasiyasının səmərəli idarə olunması ilə üçtərəfli fayda əldə etməyin mümkünlüyünü vurğulayıb. Bildirib ki, əmək miqrasiyası üçün qanuni kanalların yaradılması və asanlaşdırılması mənşə ölkələri və miqrantlarla yanaşı, təyinat ölkələri üçün də faydalıdır.
Avropa İttifaqı ilə miqrasiya sahəsində əməkdaşlığa toxunan Vüsal Hüseynov qeyd edib ki, Azərbaycan və Avropa İttifaqının üzv dövlətləri arasında imzalanmış yerdəyişmə üzrə tərəfdaşlığa dair birgə bəyannamə iki tərəf arasında miqrasiya sahəsində əməkdaşlığın ən mühüm sahələrini əhatə edən əsas sənədlərdəndir. Vüsal Hüseynov birgə bəyannamənin həyata keçirilməsində MSİBM tərəfindən görülmüş işləri də yüksək qiymətləndirib.

Şərh yaz