Respublika Veteranlar Təşkilatı aztəminatlı ailələrə və şəhid ailələrinə ərzaq yardımı kuponları göndərib

6

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə çərçivəsində aztəminatlı ailələrə və şəhid ailələrinə ərzaq yardımı kuponları göndərib.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tariximizin şanlı səhifələri” adlı iki aylıq layihə icra etməkdədir. Layihənin məqsədi gənclərin ictimai-siyasi həyatda fəallığının artırılması, ölkənin mənafeyi, xalqımızın rifahı naminə vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Eyni zamanda, hədəf milli-mənəvi dəyərlərimizin cəmiyyətdə daha geniş yayılması, ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik istiqamətdə maarifləndirmə işlərini daha da genişləndirməkdir.
Qeyd edək ki, layihə çərçivəsində həyata keçirilən əsas fəaliyyətlərdən biri də aztəminatlı və şəhid ailələrinə yardım göstərməkdir. Belə ki, layihə dövründə otuzdan çox aztəminatlı və şəhid ailəsinə ərzaq yardımı kuponları göndərilib.
Xatırladaq ki, bundan əvvəl də təşkilatın nümayəndələri tərəfindən 245 nəfər İkinci Dünya müharibəsi veteranına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Şərh yaz