Maska taxmaq, gigiyenanın tələblərinə əməl etmək, sosial məsafə gözləmək pandemiya cəbhəsinin tələbidir

5

İndi pandemiya dövrünün qaydalarından bezənlər də tapılır. Onlar “axı nə vaxtadək və nə qədər maska ilə gəzmək olar? Əlləri vaxtaşırı yumaq və spirtlə dezinfeksiya etmək nə qədər davam edəcək?” deyə narazılıq edirlər. Bu, bir tərəfdən başadüşüləndir. Müəyyən sağlamlıq problemləri olanlar var ki, uzun müddət maska taxmaq onlar üçün nəfəsalmada problemlər yaradır, yaxud burunda qıcıqlanma əmələ gətirir. Amma başqa yol yoxdur axı? Necə ki, müharibədə səngərdən başını çıxarmaq təhlükə yaradır, burda da mövcud qaydaları pozmaq və ya ona ciddi riayət etməmək həyat üçün risk etmək deməkdir. Müharibədə düşməni məğlub etməyincə, onu qovub uzaqlaşdırmayana qədər, pandemiyada isə peyvənd tapılmayana qədər təhlükə qalır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı 2 nömrəli Tibb Kollecinin müəllimi, Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatının sədri Gülər Quluzadə deyib.
O, söhbətinə davam edərək bildirib: “Müqayisəni müharibə ilə aparmağım təsadüfi deyil. Azərbaycan Milli Ordusu ay yarım davam edən müharibə nəticəsində işğal edilmiş torpaqlarımızın azğın düşməndən təmizlədi. Düşmən tapdağı altında qalan tarixi torpaqlarımızın addım-addım, kənd-kənd geri qaytarılması 30 ildən bəri sinəmizdə göynəyən yurd həsrətinin üzərinə su çilədi. İllərin ayrılığından sonra doğma yurda, ata-baba ocağına qovuşmaq gözəl hissdir, xəyalların gerçəkləşməsi, yuxuların çin olması, arzuların çiçəkləməsidir. Bu gün ölkəmizdə hamı əllərini göyə açıb müqəddəs Qarabağ torpaqlarını erməni qəsbkarlarından təmizlənməsində çox böyük şücaət göstərən Milli ordumuza, Prezident, Ali Baş Komandan İlham Əliyevə dua edir. Bu gün uşaqdan-böyüyə hər kəs dərk edir ki, Qarabağ münaqişəsinin həlli sahəsində əldə edilən bu möhtəşəm uğurdan sonra ölkəmizin yeni bir növrağı başlayacaq, həyat həmişəkindən daha gözəl və daha yaşamalı olacaq. Elə bilirəm ki, bu gün kimi hamıya aydın olan bir həqiqətdir.
Digər bir həqiqət isə ondan ibarətdir ki, yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd tapılmayana qədər yeganə yol gözəgörünməz düşmənlə mübarizədə qorunmaqdan və pandemiya qaydalarına uyğun yaşamaqdan ibarətdir. Nə qədər acı, nə qədər çətin də olsa biz bunu etməliyik. Hərbi müharibənin öz qanunları olduğu kimi, bioloji müharibənin də öz qanunları var. İlk növbədə mümkün qədər zərurət olmadığı təqdirdə evdən bayıra çıxmamaq, qapalı məkanlarda, tünlük yerlərdə çox olmamaq lazımdır. Həmçinin yaxın təmaslardan, sıx ünsiyyətdən çəkinmək də vacib şərtdir. Başqa bir şərt sosial məsafənin gözlənilməsi və ən nəhayət, maska taxmadan heç bir ictimai yerə üz tutmamaq, əllərin antiseptik vasitələrlə dezinfeksiyasıdır. Etiraf edək ki, bu qaydalar çox təkrarlanır. Ancaq nə qədər ki, biz bu dövrdə yaşayırıq, nə qədər ki, qorunmaq üçün ikinci bir vasitə və yol yoxdur, lap yüz dəfə, min dəfə təkrarlanan bu qaydalara əməl etmək zərurəti var, onu təkrarlamağa da ehtiyac var. Həm də üzləşdiyimiz təhlükənin miqyası o dərəcədə genişlənib ki, bundan sonra açıq havada da maska taxmaq zərurətə çevrilib”.
Həmsöhbətimiz mövqeyini belə yekunlaşdırıb: “Ölkəmizdə COVID-19 infeksiyasına yoluxanların gündəlik statistikasını izləyəndə onların dinamikasındakı artım ciddi narahatlıq doğurur. Öz-özümə həmişə deyirəm ki, ya bu qaydalara düzgün əməl edilmir, ya da biz bu qaydaların necə vacib və zəruri olduğunu vətəndaşlara yaxşı başa sala bilmirik. Bir daha təkrar etmək məcburiyyətindəyəm. Koronavirus infeksiyası amansız düşmən, ehtiyatsız hərəkət edəndə hər an açıla bilən güllədir. Səngərdə əyilə-əyilə hərəkət etmək müharibənin tələbi olduğu kimi, maska taxmaq, gigiyenanın tələblərinə əməl etmək, sosial məsafə gözləmək də pandemiya cəbhəsinin tələbidir. Çox şükürlər olsun ki, apardığımız haqq savaşında xalqımıza Qələbə nəsib oldu. Pandemiya cəbhəsindəki qələbə üçün isə yeganə bir yol varsa, o da qaydalara əməl etməkdən ibarətdir. Biz döyüş cəbhəsində göstərdiyimiz milli birlik və həmrəyliyi, eləcə də sayıqlıq nümunəsini burda da göstərə bilsək, yoluxanların sayının azalmasına və minimuma düşməsinə, nəhayət, infeksiyanın həyatımızdan çəkilib getməsinə nail ola bilərik”.

Şərh yaz