Vaşinqtonda “Qafqaz müharibədən sonra” adlı onlayn-forum keçirilib

3

Noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında 44 günlük müharibənin nəticələrinə həsr olunan “Qafqaz müharibədən sonra” adlı onlayn-forum keçirilib.
AZƏRTAC xəbər verir ki, Vaşinqtonun Mərkəzi Asiya və Qafqaz İnstitutunun təşkil etdiyi forumda institutun direktoru doktor Svante Kornell, Ceymstaun Fondunun prezidenti Qlen Hovard, Gürcüstanın ABŞ, Kanada və Meksikadakı sabiq səfiri Tedo Caparidze, Stokholmdakı Siyasi Təhlükəsizlik və İnkişaf İnstitutunun böyük elmi işçisi, Türkiyə parlamentinin sabiq üzvü Suat Kınıklıoğlu, MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov çıxış ediblər.
Forumda atəşkəs haqqında 10 noyabr tarixli üçtərəfli bəyanat və regionda müharibədənsonrakı dövrdə təhlükəsizliklə bağlı vəziyyət müzakirə edilib. Ekspertlər qeyd ediblər ki, Azərbaycan Ordusu erməni qoşunları üzərində həlledici qələbə qazanıb və 27 il ərzində işğal altında olan geniş ərazilər üzərində nəzarəti bərpa edib.
Müzakirələrin iştirakçıları bildiriblər ki, regionda yeni vəziyyətlə əlaqədar, ölkələr arasında qarşılıqlı münasibətlərin dinamikası da dəyişə bilər. Uzunsürən Qarabağ münaqişəsi regionda təhlükəsizlik sahəsində xeyli problem yaradıb. ATƏT-in Minsk qrupu mövcudluğu dövründə qeyri-səmərəli olub. Qeyd edilib ki, son 20 ildə Azərbaycan rəhbərliyi ölkənin hərbi potensialını artırmağa nail olub, yekunda Azərbaycan Ordusunun peşəkarlığı işğal edilmiş ərazilərin azad olunmasında həlledici rol oynayıb.

Şərh yaz