Maliyyə mütəxəssisi: “ASAN imza” ilə bağlı istifadəyə verilən elektron xidmət vergiödəyicilərinin işini asanlaşdırır

7

Xəbər verildiyi kimi, Dövlət Vergi Xidmətinin portalında yeni “Qüvvədə olan “ASAN imza” ilə yeni sertifikatın alınmasına dair müraciət” bölməsi vergiödəyicilərinin istifadəsinə verilib.

Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, xidmətin portalından mütəmadi olaraq istifadə edən vergiödəyiciləri üçün sistemə giriş səhifəsindəki yeni “Qüvvədə olan “ASAN imza” ilə yeni sertifikatın alınmasına dair müraciət” bölməsindən istifadə qaydaları ilə bağlı təlimat artıq vergiödəyicilərinin poçt qutularına göndərilib. Biznes sertifikatının müddətinin bitməsinə 30 gündən az olmamaq şərti ilə həmin sertifikatla portalın yeni bölməsinə daxil olaraq yeni sertifikatın alınması üçün anket forması doldurulur və göndərilir. Bundan sonra, vergiödəyicisi sertifikatın müddətinin bitməsini gözləyir və “ASAN imza” təqdim edən provayderinə müraciət edib nömrənin dublikatını alır. Həmin dublikatda artıq yeni sertifikat da mövcud olacaq. Yeni bölmədən oxşar qaydada şəxsi “ASAN imza”ya biznes sertifikatının alınması üçün də istifadə etmək olar.

Maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərov yeni bölmənin yaradılmasını vergiödəyicilərinə xidmətin təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. O, böyük razılıq hissi ilə bildirib ki, artıq portala daxil olmaq üçün istifadə olunan “ASAN imza” sertifikatının vaxtını uzatmaq və ya yeni biznes sertifikatı almaq üçün “ASAN xidmət” və vergiödəyicilərinə xidmət mərkəzlərində növbədə durmağa ehtiyac qalmır.

V.Mirheydərov, həmçinin vurğulayıb ki, yeni tipli koronavirus pandemiyası şəraitində insanların təmasda olmasını azaltmaq baxımından bu yeniliyin əhəmiyyəti böyükdür və layiqincə qiymətləndirilməlidir.

Şərh yaz