Quş qripi ilə əlaqədar epizootoloji monitorinqlər keçirilib

2

Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə mövsümü epizootoloji monitorinqlərə başlanılıb. İlk monitorinq noyabrın 2-dən 6-dək Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların əməkdaşlarının iştirakı ilə keçirilib.

Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, çöl quşları arasında monitorinqlər Abşeron yarımadası, Şirvan Milli Parklarının ərazisini, Ağzıbir ovçuluq təsərrüfatı və Qızılağac Milli Parkı ilə yanaşı, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edib. Eyni zamanda, Bakı şəhəri, Abşeron, Şabran, Salyan və Lənkəran rayonlarında ailə təsərrüfatlarında müxtəlif növ quşdan, o cümlədən Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Salyan, Neftçala, Sabirabad, Lənkəran, Cəlilabad, Xızı və Siyəzən rayonlarında yerləşən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində ev quşundan diaqnostik materiallar götürülərək laboratoriya müayinələrinə cəlb edilib.

Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.

Qeyd edək ki, keçirilən monitorinqlər zamanı xəstəlik əlamətləri müşahidə edilən quşlara və ya quş cəsədinə rast gəlinməyib.

Şərh yaz