Advertisment

ABŞ-da “San Antonio” sinifli 16-cı desant gəmisinin təməli qoyulub

Missisipi ştatının Paskaqula şəhərindəki Huntington Ingalls Industries gəmiqayırma zavodunda LPD-32 “Philadelphia” desant-helikopter dok gəmisinin kil hissəsi qoyulub.

Herbiand.az-ın məlumatına görə, bu, hazırda ABŞ Hərbi Dəniz Qüvvələri üçün gəmiqayırma zavodunda tikilən Flight II modifikasiyasındakı üç “San Antonio” gəmisindən biridir.

Gəmilər köhnəlmiş “Whidbey Island” və “Harpers Ferry” sinifli desant gəmilərini əvəz etmək üçün nəzərdə tutulub.

Mərasimdə ABŞ Hind-Sakit okean komandanlığının rəhbəri, admiral Samuel Paparo iştirak edib.

Paskaqula gəmiqayırma zavodu ABŞ Hərbi Dəniz Qüvvələri üçün “San Antonio” gəmilərinin yeganə təchizatçısıdır. Bu günə qədər bu gəmilərdən 13-ü donanmaya təhvil verilib.

Gəminin tam su tutumu 25.300 ton, uzunluğu 208,5 metr, eni 32 metrdir. Təkərli və tırtıllı nəqliyyat vasitələri üçün göyərtə sahəsi 2230 kvadrat metrdir. Ekipaj 360 nəfərdən ibarətdir.

Gəmi RIM-116 və ESSM zenit raketləri, iki 30 mm-lik artilleriya sistemi və on 12,7 mm-lik pulemyotla silahlanıb.

Bəxtiyar CƏFƏRLİ