Advertisment

Qəhrəman şəhid Həmid Qasımovun doğum günü ehtiramla anılıb

12 may 2026-cı il tarixdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Qasımov Həmid Oruc oğlunun doğum günü Kəngərli rayonunun Qabıllı kənd qəbiristanlığında məzarı başında dərin ehtiramla qeyd olunub.

Anım tədbirində şəhidin ailə üzvləri, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, YAP Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub. Qabıllı kənd qəbiristanlığında dalğalanan üçrəngli bayrağımızın kölgəsində səslənən çıxışlarda bildirilib ki, Vətən torpağını canı bahasına qoruyan oğullarımız xalqımızın qürur mənbəyidir. Şəhid Həmid Qasımovun keçdiyi şərəfli döyüş yolu, Vətənə sonsuz sevgisi və göstərdiyi qəhrəmanlıq nümunəsi gənc nəslə örnək kimi dəyərləndirilib.

Çıxış edənlər vurğulayıblar ki, Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi rəşadət nəticəsində torpaqlarımız işğaldan azad olunub, şəhidlərimizin qanı yerdə qalmayıb. Bu gün azad səmalarda dalğalanan müqəddəs bayrağımız şəhidlərimizin qəhrəmanlığının və xalqımızın milli birliyinin təcəssümüdür.

Qeyd olunub ki, şəhid Qasımov Həmid Oruc oğlu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Tədbirin sonunda Qabıllı kənd qəbiristanlığında uyuyan bütün şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirələri böyük ehtiramla yad edilib.

Şəhidlər ölmür, Vətən bölünmür!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi