Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür. Ömrünün 57 ilini türk millətinin azadlığı, müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizəyə həsr edən Atatürk hərbi və siyasi fəaliyyəti ilə dünya tarixinə silinməz iz qoyub.
Herbiand.az xatırladır ki, Mustafa Kamal 1881-ci ildə Osmanlı imperiyasının Selanik şəhərində anadan olub. İlk hərbi təhsilini də bu şəhərdə alıb. Rəvayətə görə, Selanik Hərbi Liseyində riyaziyyat müəllimi Mustafa adlı digər şagirdlərdən fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını verib. Beləliklə, gələcəkdə dünya tarixində mühüm yer tutacaq Mustafa Kamal adı formalaşıb.
Atatürk hərbi fəaliyyətinə gənc yaşlarından başlayıb, Osmanlı ordusunun müxtəlif cəbhələrində xidmət edib. Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşlərində göstərdiyi qəhrəmanlıq və hərbi məharət ona böyük şöhrət qazandırıb. Osmanlı imperiyasının süqutundan sonra isə Anadolu torpaqlarının işğalına qarşı milli azadlıq mübarizəsinə rəhbərlik edib.
1921-ci il avqustun 23-dən sentyabrın 13-dək davam edən Sakarya döyüşündə qazanılan qələbə milli mübarizənin taleyində həlledici rol oynayıb. Bu qələbədən sonra Mustafa Kamala Türkiyə Böyük Millət Məclisi tərəfindən marşal rütbəsi və Qazi fəxri adı verilib.
1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib və Mustafa Kamal Atatürk ölkənin ilk Prezidenti seçilib. O, 1938-ci ildə vəfat edənədək dörd dəfə bu vəzifəyə seçilərək Türkiyənin siyasi, ictimai və dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qanunla ona “Atatürk” soyadı verilib.
Mustafa Kamal Atatürkün Azərbaycanla bağlı fikirləri də tarixdə xüsusi yer tutur. Onun Azərbaycan-Türkiyə qardaşlığını ifadə edən “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı iki xalq arasındakı sarsılmaz mənəvi bağların rəmzinə çevrilib. Atatürk Azərbaycan xalqına və ölkəmizin müstəqilliyinə xüsusi rəğbət bəsləyib.
1938-ci il noyabrın 10-da İstanbulda, Dolmabağça sarayında 57 yaşında vəfat edən Atatürkün nəşi əvvəlcə Ankaradakı Etnoqrafiya Muzeyində müvəqqəti olaraq dəfn edilib. 1953-cü il noyabrın 10-da isə onun məzarı Ankarada inşa edilmiş Anıtqəbirə köçürülüb.
Bu gün Mustafa Kamal Atatürk yalnız Türkiyənin deyil, bütün türk dünyasının tarixində dövlətçilik iradəsinin, milli müstəqilliyin və qətiyyətli liderliyin simvolu kimi yaşayır.
Aydın