Advertisment

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

“Su təchizatı olmadan kənd təsərrüfatının inkişafı mümkün deyil. Burada da qeyd etdiyim kimi, bir çox önəmli layihələr icra edildi. Su anbarları - Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir”.

Herbiand.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib.

Dövlət başçısı bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda ölkənin 25 faiz su ehtiyatları formalaşır: “Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək”.

Prezident İlham Əliyev qeyd edib ki, Şirvan kanalının tikintisinə beton kanal olaraq başlanılıb və yəqin ki, gələn il artıq istifadəyə veriləcək: “Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək. Bu barədə bu gün məruzə ediləcək. Biz Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlamışıq. Vaxtilə bunlar Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılırdı. Amma Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün biz qərara gəldik ki, bunları elə Şirvan və Qarabağ kanalları adlandıraq. Yəni bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, - 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər”.