Rənglər hər kəsi görür, amma hamını eşitmir. Bəlkə də bu, ulu Yaradanın insanlığın rənglərinə ən ürpədici ismarıcıdır... .. Sənət uca bir qışqırıq, bəzən də sözlərlə ifadə edilə bilməyən dərin bir sükutdur.
Azərbaycan təsviri sənət tarixinin ən kədərli və parlaq simalarından biri olan Bəhruz Kəngərlinin həyatı, tam da bu sükutun içindən ucalan əzəmətli bir fəryaddır. Hələ 22–23 yaşlarında dünyasını dəyişən bu böyük dahi, faciəvi taleyi və misilsiz istedadı ilə musiqi dünyasının əfsanəsi Motsartı xatırladır.
Lakin onun qisməti çox daha çətin, kətana köçürdüyü rənglər isə bir o qədər ağrılı idi. O "bəşəri rəngsizliyə" qarşı kətanı səngərə çevirə bilmişdi.
Bəhruz Kəngərli uşaq yaşlarında keçirdiyi ağır xəstəlik səbəbindən eşitmə və danışma qabiliyyətini itirmişdi. Dünya onun üçün səslərdən uzaq, mütləq bir sakitliyə qərq olmuşdu.
Lakin o, taleyin üzünə bağladığı bu qapının əvəzinə fırçası ilə əbədi bir aləm açdı. Öncə rənglərin səsini eşitdi, sonra hamıya eşitdirdi. Eşidə bilmədiyi səsləri rənglərlə dilə gətirdi, deyə bilmədiyi sözləri cizgiləri ilə tarixə həkk etdi.
Qısa və acı taleyinə baxmayaraq, yüzlərlə ölməz əsər ərsəyə gətirdi. Ulu Öndər Heydər Əliyev də onun yaradıcılıq irsinə hər zaman yüksək qiymət vermiş, Azərbaycan mədəniyyətinin bu nadir cövhərinə böyük ehtiramla yanaşmışıb. Kəngərlinin ən təsirli və sarsıdıcı əsərləri şübhəsiz ki, "Qaçqınlar" silsiləsidir.
1918–1920-ci illərdə doğma ocaqlarından didərgin düşmüş çarəsiz insanların portretlərini yaradarkən o, yalnız bir rəssam kimi deyil, bir xalqın vicdanı kimi çıxış edirdi. Eşitmə məhdudiyyətinə baxmayaraq, soydaşlarının kədərini qəlbinin dərinliklərində hiss etmiş, kimsəsiz uşaqların gözlərindəki çarəsizliyi kətana həkk etmişdir.
Onun fırçasından süzülən hər bir xətt insanlıq yaddaşına yazılmış tarixi bir sübutdur. Bu gün Bəhruz Kəngərlinin bizə qoyub getdiyi bu əvəzedilməz irsə nəzər salarkən özümüzə bu vacib sualı verməliyik: Biz onun layıqlı davamçısı ola bilmişikmi? Onun sükutdakı fəryadını, o çətin dövrdə yaratdığı nəhəng sənət irsini gələcək nəsillərə tam çatdıra bilirikmi?
Bu dəyərləri qorumaq və beynəlxalq müstəviyə çıxarmaq hər birimizin üzərinə düşən vəzifə və borcdur. Bəhruz Kəngərli kimi ruhunu sənətə həsr etmiş dahi şəxsiyyətlərin irsini yaşatmaq, onları dünya sənət ареnasında tanıtmaq yalnız bir vəfa borcu deyil, həm də milli kimliyimizin təcəssümüdür.
Bəhruz Kəngərlinin fırçası susmuş ola bilər, lakin onun kətandakı ruhu biz bu irsə sahib çıxdıqca əbədi yaşayacaqdır. Bir sözlə, rənglərin səsini eşidən insanı boyaların savaşında sülh hayqırışı bu dünya durduqca asimana bülənd olacaq.
Tural İbrahim,
Yazıçı-publisist