Bu günlərdə “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin fəaliyyətə başlamasının 35-ci ildönümü tamam olub. Ötən illər ərzində təşkilat davamlı turizmin inkişafı, ekoloji maarifləndirmə, sağlam həyat tərzinin təbliği, ailə dəyərlərinin qorunması və təbiətə məsuliyyətli münasibətin formalaşdırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirib.
QHT-nin fəaliyyətində insan, təbiət və sağlamlıq harmoniyasının təşviqi, sosial təşəbbüslərin dəstəklənməsi xüsusi yer tutur. Təşkilatın sədri Nərminə Qəribova uzun illərdir ictimai fəaliyyətini sağlam cəmiyyətin formalaşmasına, ailə institutunun möhkəmləndirilməsinə və ekoloji dəyərlərin təbliğinə həsr edib.
Onun rəhbərliyi ilə “Ekoturizm Məktəbi”, “Ailə Məktəbi”, “Təbiətdən gələn şəfa” və digər layihələr həyata keçirilib. 35 illik fəaliyyətin təcrübəsini, həyat fəlsəfəsini və gələcək hədəflərini əks etdirən Nərminə Qəribovanın müəllif yazısını təqdim edirik.
*** *** ***
Mən, Nərminə Qəribova, 27 ildir dövlət və qeyri-hökumət təşkilatlarında müxtəlif istiqamətlərdə fəaliyyət göstərirəm.
Hazırda “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “ŞİFACI” Bütüncül Sağlamlıq və Gözəllik Mərkəzinin təsisçisi və direktoruyam. Ekoturizm Məktəbi, “Təbiətdən gələn şəfa”, "Ailə məktəbi", “Şifalı turlar”, "Ətraf mühitə qarşı məsuliyyətli davranış" və bu istiqamətdə həyata keçirilən onlarla layihənin rəhbəriyəm. Eyni zamanda bütüncül sağlamlıq və sağlam həyat tərzi üzrə mentor kimi fəaliyyət göstərirəm.
Peşəkar fəaliyyətimin mühüm bir hissəsini hüquq sahəsinə həsr etmişəm. 10 illik hüquqşünaslıq təcrübəm və mediator kimi fəaliyyətim mənə insan münasibətlərini, ailədaxili problemləri, münaqişələrin yaranma səbəblərini və onların həlli yollarını daha dərindən öyrənmək imkanı verib.
Bu təcrübələr mənə bir daha göstərdi ki, ailə yalnız hüquqi münasibətlər toplusu deyil.
Ailə sevgi, qarşılıqlı hörmət, etimad, anlayış, məsuliyyət və mənəvi dəyərlər üzərində qurulan cəmiyyətin əsas sütunudur. Bir çox ailə problemlərinin arxasında düzgün ünsiyyətin qurulmaması, qarşılıqlı anlaşılmazlıq, emosional gərginlik və maarifləndirmə çatışmazlığı dayanır.
İnsanın sağlam və keyfiyyətli həyat yaşaması üçün sağlam ailə mühitinin olması vacibdir.
Məhz hüquqşünaslıq və mediasiya fəaliyyətimdən qazandığım təcrübə əsasında “Ailə Məktəbi” layihəsini formalaşdırdım. Layihənin əsas məqsədi sağlam gələcək üçün sağlam ailə münasibətlərinin qurulmasına dəstək olmaq, ailədaxili ünsiyyət mədəniyyətini inkişaf etdirmək, qadın və kişilərin ailə məsuliyyətini daha dərindən dərk etməsinə kömək etmək, valideynlik bacarıqlarını gücləndirmək və ailə münaqişələrinin sivil yollarla həllini təşviq etməkdir.
İnanıram ki, sağlam cəmiyyətin təməli sağlam ailədən, sağlam ailənin təməli isə mənəvi dəyərlərdən, qarşılıqlı hörmətdən və düzgün ünsiyyətdən başlayır.
İnsanlarla uzun illər davam edən ünsiyyətim, həyat təcrübəm, müşahidələrim və apardığım araşdırmalar məni insan sağlamlığına daha geniş prizmadan yanaşmağa da sövq etdi. Zaman keçdikcə anladım ki, insan sağlamlığı yalnız fiziki göstəricilərdən ibarət deyil. Onun ruhu, düşüncələri, emosional vəziyyəti, sosial münasibətləri, mənəviyyatı və yaşadığı mühit bir-biri ilə sıx bağlıdır.
Məhz bu axtarışlar məni bütüncül sağlamlıq fəlsəfəsinə gətirdi. Peyğəmbər tibbinin hikmətindən, təbiətin şəfaverici nemətlərindən və sağlam həyat tərzinin prinsiplərindən bəhrələnərək bu sahədə bilik və bacarıqlarımı inkişaf etdirməyə başladım. Əsas məqsədim əldə etdiyim bilikləri insanlarla bölüşmək, onların sağlam və keyfiyyətli həyat sürməsinə töhfə verməkdir.
Fəaliyyətimdə ictimai təşəbbüslərə və sosial layihələrə də xüsusi yer ayırmışam:
2022-ci ildə “Sağlam Gələcək Naminə” QHT Koalisiyasını yaratdım. 2023-cü ildə “Təbiət Keşikçiləri” Gənclər Hərəkatı, Sağlam Gələcək Naminə QHT Koalisiyası ilə birgə Qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması məqsədi ilə “Qadına Dəstək Mərkəzi”ni təsis etdim. 2025-ci ildə isə bu təcrübələrdən doğan “ŞİFACI” Bütüncül Sağlamlıq və Gözəllik Mərkəzi fəaliyyətə başladı.
Bütün bu illər ərzində axtardığım ən böyük dəyər insanlarımızın üzündəki təbəssüm, qəlbindəki rahatlıq və həyatındakı huzur olub. İnanıram ki, insanın həqiqi rifahı yalnız sağlam bədənlə deyil, ruhun dincliyi, düşüncələrin aydınlığı və təbiətlə harmoniyada yaşamaqla mümkündür.
Bu gün fəaliyyətimin əsas istiqamətlərindən biri də insanları təbiətə yaxınlaşdırmaq, ölkəmizin zəngin təbii sərvətlərini, şəfalı bitkilərini, milli sağlamlıq ənənələrini və sağlam həyat tərzini təbliğ etməkdir.
Bu il təşkilatımızın 35 ili tamam oldu. Fəaliyyətimizin davamlılığı və gücü ideyalarımıza könül verməyimizdədir. 2027-cı il üçün fəaliyyət planımızın əsas məqsədlərindən biri daxili turizm marşrutlarına insan və təbiət harmoniyasını əks etdirən maarifləndirici proqramlar əlavə etməkdir.
İstəyimiz yalnız insanları ölkəmizin gözəl guşələri ilə tanış etmək deyil, həm də onlara təbiətin dəyərini anlatmaq, təbii nemətlərimizin sağlamlıq baxımından əhəmiyyətini tanıtmaq və təbiətlə ünsiyyətin həyatımıza qatdığı mənəvi rahatlığı hiss etdirməkdir.
Mənim üçün təbiət sadəcə gəzmək və istirahət etmək məkanı deyil. O, öyrənmək, yenilənmək, düşünmək və Yaradanın yaratdığı gözəllikləri dərk etmək və şükr etmək üçün böyük bir məktəbdir.
Həyat fəlsəfəmin əsasını insanlara faydalı olmaq, ailələrin güclənməsinə dəstək vermək, sağlam gələcək naminə çalışmaq, təbiəti qorumaq və milli-mənəvi dəyərlərimizi yaşatmaq təşkil edir.
Və özüm haqqında kiçik, amma mənim üçün çox dəyərli bir məqamı da bölüşmək istəyirəm: Ən gözəl xüsusiyyətim heyvansevər olmağımdır. Çünki inanıram ki, mərhəmət yalnız insanlara münasibətdə deyil, bütün canlılara göstərdiyimiz qayğıda özünü büruzə verir.
Ayrıca heyvanlara qarşı məsuliyyətli davranışı təbliğ edir, onlara qarşı ədalətsizliklə mübarizə aparıram.
Arzum budur ki, hər bir evdə sağlamlıq, hər bir qəlbdə mərhəmət, hər bir ailədə sevgi və anlayış, hər bir insanda təbiətə sevgi olsun.
Hamınıza ruh və bədən sağlamlığı, ailə səadəti, qəlb rahatlığı və gözəl bir həyat arzulayıram!
Hörmətlə,
Nərminə Qəribova
Bütüncül sağlamlıq mütəxəsisi və sağlam həyat tərzi üzrə mentor