Advertisment

“Bavariya”nın futbolçusunun səhhəti ilə bağlı maraqlı detallar üzə çıxıb

Almaniyalı jurnalistlər “Bavariya”nın futbolçusu Camal Musialanın səhhəti və klub rəhbərliyi ilə yaranmış fikir ayrılıqları barədə geniş araşdırma aparıblar.

Herbiand.az xəbər verir ki, araşdırma zamanı bir neçə diqqətçəkən məqam üzə çıxıb.

Məlum olub ki, “Bavariya” rəhbərliyi məşqçilər korpusunun və futbolçunun ətrafının Musialanın əvvəlki huşunuitirmə halları barədə məlumatları gizlətməsindən narazıdır. Almaniyalı futbolçu məşqlərə qayıtmasından dörd gün əvvəl, eləcə də aprelin 7-də, “Real Madrid”lə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunu günü səhər saatlarında huşunu itirib. Buna baxmayaraq, o, həmin qarşılaşmada meydana sonradan daxil olub.

Araşdırmada qeyd olunur ki, Musiala müalicə üçün həkimləri özü seçir və klub onu öz nevroloqunun müayinəsindən keçməyə məcbur edə bilmir. Bu vəziyyət “Bavariya” rəhbərliyini futbolçunun səhhəti barədə tam məlumat əldə edə bilməməsi baxımından narahat edir.

Bundan başqa, müqavilə müddətinin uzadılması zamanı futbolçunun nümayəndələri sözləşməyə xüsusi şərtin daxil edilməsinə nail olublar.

Həmin şərtə əsasən, xəstəlik səbəbindən meydana çıxa bilmədiyi halda Musialanın altı ay ərzində tam əməkhaqqı alması nəzərdə tutulub. Halbuki, adətən bu müddət altı həftə təşkil edir və sonradan ödənişlər əhəmiyyətli dərəcədə azalır.

Məlumata əsasən, Musialanın “Bavariya” ilə müqaviləsi üzrə illik qazancı 25 milyon avrodur. Məbləğin əhəmiyyətli hissəsi təminatlıdır və futbolçunun keçirdiyi oyunların sayından asılı deyil.

“Bavariya”nın fəxri prezidenti Uli Hönessin isə klubdaxili müzakirələr zamanı yüksək məvacib alan futbolçunun hazırkı vəziyyətinə görə faktiki olaraq transfer bazarında dəyərini itirdiyini söylədiyi iddia olunur.

Qeyd edək ki, Camal Musialanın səhhəti ilə bağlı narahatlıqlar 2026-cı ilin avqustunda, “Bavariya”nın yoxlama oyunlarında iki dəfə huşunu itirməsindən sonra artıb. Almaniyalı futbolçu əvvəlcə “Leypsiq”, dörd gün sonra isə “Haydenhaym”la qarşılaşmada meydanda huşunu itirərək tibbi yardıma ehtiyac duyub. Daha sonra Musiala nevroloji pozuntu nəticəsində qısamüddətli huş itkisi epizodları yaşadığını açıqlayıb.