Azərbaycan memarlıq irsinin mühüm nümunələrindən biri olan, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın dövründə inşa edilən Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi İrəvana səfəri çərçivəsində xatirə lövhəsinin açılışında iştirak edib.
Molla rejiminin bu addımı Azərbaycanda ciddi narazlığa səbəb olub.
Sosial Hüquqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri, siyasi şərhçi Xəzər Teyyublu herbiand.az-a açıqlamasında bunu İran hakimiyyətinin tarixi irsə və Azərbaycan xalqına qarşı hörmətsizliyinin növbəti təzahürü kimi qiymətləndirib.

“İran rejiminin ermənipərəst mövqeyi artıq təsadüfi siyasi davranış deyil, davamlı xarakter alan siyasətdir. İrəvan şəhərində yerləşən və XVIII əsrdə Azərbaycan memarlıq məktəbinin nümunəsi kimi inşa edilmiş Göy məscidin mərasim zalına erməni şairinin adının verilməsi tarixi həqiqətlərin təhrif olunmasına xidmət edir.
Müsəlman ibadət məkanının bir mərasim zalına başqa dinə mənsub şəxsin adının verilməsi həm tarixi-mədəni irsə münasibət, həm də ictimai həssaslıq baxımından ciddi suallar doğurur.
Bu addım təkcə Azərbaycan xalqının milli-mədəni dəyərlərinə deyil, bütövlükdə 50 milyonluq Azərbaycan xalqının tarixi yaddaşına qarşı hörmətsizlikdir. İrəvan tarixən Azərbaycan şəhəri olub və burada formalaşan maddi-mədəni irsin, memarlıq abidələrinin yaradılmasında azərbaycanlıların müstəsna rolu var.
Bu həqiqətləri görməzdən gəlmək və tarixi abidələrin kimliyini başqa istiqamətdə təqdim etmək tarixi ədalətsizliyin davam etdirilməsidir”.
Siyasi şərhçi hesab edir ki, İran hakimiyyətinin bu davranışı Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımızın da haqlı etirazına səbəb olacaq: “Çünki Tehran hakimiyyəti bir tərəfdən Güney Azərbaycanda türk dilinin, milli kimliyin və tarixi yaddaşın sıxışdırılmasına yol verir, digər tərəfdən isə Ermənistanın ərazisində Azərbaycan izlərinin silinməsinə yönələn proseslərə siyasi dəstək nümayiş etdirir.
Ermənistanda tarixən mövcud olmuş türk mənşəli yer adlarının dəyişdirilməsi və Azərbaycan irsinin kölgədə saxlanılması bu siyasətin nəticələrindən biridir. İran hakimiyyəti unutmamalıdır: Güney Azərbaycan türkləri öz milli kimliklərinə, dillərinə və tarixi irslərinə qarşı yönələn addımlara biganə qalmayacaqlar.
Göy məscidlə bağlı qərar da bu narazılığı daha da gücləndirəcək. Belə davranışlarla İran hakimiyyəti özünü nəinki Azərbaycan xalqının, həm də türk və İslam dünyasının gözündə nüfuzdan salır. Tarixi həqiqətləri siyasi maraqlara qurban vermək heç bir dövlətə uzunmüddətli siyasi və mənəvi qazanc gətirə bilməz”.
Aydın