Advertisment

Əbu-Dabi danışıqları: Sülhə gedən yol, yoxsa diplomatik fasilə?

Rusiya ilə Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən danışıqlar müharibənin dayandırılması istiqamətində yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 

ABŞ-ın vasitəçiliyi ilə baş tutan görüşlərdə tərəflər humanitar məsələləri, təhlükəsizlik təminatlarını və müharibənin başa çatdırılması perspektivlərini müzakirə ediblər. Lakin ərazi məsələləri, Ukraynanın gələcək təhlükəsizlik modeli və NATO ilə münasibətlər kimi fundamental fikir ayrılıqları hələ də qalmaqdadır. 

Danışıqların müsbət atmosferdə keçməsi müəyyən ümidlər yaratsa da, hərbi əməliyyatların paralel şəkildə davam etməsi tərəflər arasında etimadın nə qədər zəif olduğunu göstərir. Bəs Əbu-Dabi görüşləri real sülh razılaşmasına gətirib çıxara bilərmi, yoxsa bu danışıqlar uzunmüddətli diplomatik prosesin növbəti mərhələsi olaraq qalacaq?

Siyasi şərhçi Ənvər Ağazadə Herbiand.az-a açıqlamasında bildirib ki, Əbu-Dabidə keçirilən danışıqlar müharibənin taleyinə təsir edə biləcək mühüm diplomatik təşəbbüsdür. Onun sözlərinə görə, görüşlərin real nəticə verməsi tərəflərin qarşılıqlı güzəştlərə getmək istəyindən və siyasi iradəsindən asılı olacaq. 

“ABŞ vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən üçtərəfli görüş bu gün də davam edir, yəni görüş hələ başa çatmayıb. Dünənki görüşün nəticələri də verilən məlumatlara görə, mühüm bir nəticəyə nail olunmayıb. ABŞ bu görüşdə çox böyük səylə çalışır ki, nəticə əldə olunsun, ən azı atəşkəsə nail olunsun.

Bu, Ağ Evin maraqlarına uyğundur. Rusiyanın isə əsas istəkləri budur: Moskva işğal etdiyi ərazilərin onun tərkibində qalmasını, yəni onun ərazisi kimi tanınmasını, həmçinin Rusiya Ukraynanın NATO ilə hərbi-siyasi əlaqələrinin kəsilməsini, eləcə də Avropa İttifaqına inteqrasiya prosesinin dayandırılmasını tələb edir. Ukrayna isə öz ərazi bütövlüyünün qorunmasını və işğal olunmuş torpaqların geri qaytarılmasını əsas şərt kimi irəli sürür. 

Bununla yanaşı, ABŞ tərəfindən Kiyevə Donbas, Luqansk və Krımla bağlı müəyyən güzəştlərə getməsi istiqamətində təzyiqlərin olduğu bildirilir. Lakin Ukrayna hakimiyyəti öz ərazilərindən imtina etməyə razı deyil və bu məsələdə güzəştə getmək niyyətində olmadığını nümayiş etdirir. Bu baxımdan  maraqlar və istəklərin bir-biri ilə çox fərqləndiyini görürük”-deyə, o,bildirib.

Avropa İttifaqına üzv ölkələrin də təşəbbüslərini və geosiyasi maraqlarını nəzərə alsaq, budəfəki danışıqlarda konkret nəticənin, xüsusilə də atəşkəs və sülh razılaşmasının əldə olunacağına dair gözləntilər yüksək deyil. Bununla belə, Əbu-Dabi görüşlərini diplomatik prosesin davam etdirilməsi, tərəflərin mövqelərinin bir daha aydınlaşdırılması və humanitar məsələlər üzrə mümkün razılaşmaların əldə olunması baxımından əhəmiyyətli hesab etmək olar. Görüşlərin əsas nəticəsi hələlik tərəflər arasında dialoqun qorunub saxlanılması və gələcək danışıqlar üçün müəyyən zəminin yaradılması ola bilər.
Siyasi şərhçi deyib ki, əvvəlki görüşdən sonra da danışıqların humanitar məsələlər üzrə müəyyən razılaşmalarla nəticələnə biləcəyi barədə açıqlamalar verilmişdi. 

“Bu çərçivədə hər iki tərəfdə saxlanılan hərbi əsirlərin dəyişdirilməsi, Rusiyada olan ukraynalı uşaqların geri qaytarılması və qarşıdan gələn qış mövsümü nəzərə alınaraq enerji infrastrukturunun qorunması məsələləri gündəmdədir. Həmçinin Ukraynanın Rusiyanın neft emalı zavodlarına, Rusiyanın isə Ukraynanın elektrik stansiyalarına və digər həyati əhəmiyyətli enerji obyektlərinə zərbələr endirməməsi ilə bağlı razılaşma əldə olunması ehtimalı da müzakirə olunur. 

Əbu-Dabi görüşlərində müharibənin bütövlükdə dayandırılması ilə bağlı hərtərəfli razılığın əldə olunması hələlik inandırıcı görünmür. Görüşlərdən gözlənilən əsas nəticə humanitar məsələlər üzrə razılığın əldə olunması və danışıqlar prosesinin davam etdirilməsi ola bilər. Bu çərçivədə hərbi əsirlərin dəyişdirilməsi, həyati əhəmiyyətli enerji obyektlərinə, o cümlədən neft emalı zavodlarına qarşılıqlı zərbələrin dayandırılması istiqamətində razılaşmaların əldə olunması mümkündür”. 

Siyasi şərhçi hesab edir ki, Əbu-Dabi görüşlərinin yekununda məhz bu istiqamətlərdə müəyyən irəliləyiş əldə edilə bilər. Bununla belə, müharibənin tam dayandırılması ilə bağlı razılığın əldə olunmamasının başlıca səbəbi Rusiya və Ukraynanın bir-birinə zidd siyasi və strateji maraqlarıdır: “Tərəflərin müharibədən sonrakı təhlükəsizlik təminatları, ərazi məsələləri və gələcək siyasi münasibətlərlə bağlı mövqeləri ciddi şəkildə fərqləndiyindən, ümumi razılığa gəlmək hələlik çətin görünür. 

Danışıqlar prosesində Avropa İttifaqına üzv ölkələrin maraqları da mühüm rol oynayır. Əsas müzakirə mövzularından biri Ukraynanın təhlükəsizliyidir. Avropa ölkələri Ukraynanın təhlükəsizliyini bütövlükdə Avropanın təhlükəsizliyinin tərkib hissəsi kimi qiymətləndirir və bu məsələyə xüsusi önəm verirlər.

Eyni zamanda, Rusiya tərəfi də öz təhlükəsizlik maraqlarının təmin olunmasını gündəmə gətirir. Mümkün atəşkəsdən sonra təhlükəsizlik təminatlarının necə formalaşacağı, tərəflərin maraqlarının hansı mexanizmlərlə uzlaşdırılacağı məsələlərində ciddi fikir ayrılıqları mövcuddur. 

ABŞ isə danışıqlarda konkret nəticə əldə etməyə çalışır və bu təşəbbüs, Ağazadənin fikrincə, həm də Vaşinqtonun daxili siyasi maraqları ilə uzlaşır”. Ənvər Ağazadə hesab edir ki, ABŞ administrasiyasının Ukrayna müharibəsinin dayandırılmasına xüsusi önəm verməsinin səbəblərindən biri də ölkədaxili siyasi amillərlə bağlıdır. “Son aralıq seçkilərində respublikaçıların mövqelərinin zəifləməsi, demokratların bir sıra seçki dairələrində və ənənəvi olaraq respublikaçıların üstünlük təşkil etdiyi ştatlarda uğur qazanması Vaşinqton üçün əlavə siyasi təzyiq yaradıb. 

ABŞ administrasiyası Ukrayna müharibəsinin başa çatdırılmasını özünün xarici siyasət uğuru kimi təqdim etməyə və bundan daxili siyasi müstəvidə də yararlanmağa çalışır. Qarşıdakı prezident seçkiləri ərəfəsində bu məsələnin respublikaçılar üçün xüsusi əhəmiyyət daşıyacağı gözlənilir. Hazırda Rusiya ilə Ukraynanın əsas tələbləri bir-birindən ciddi şəkildə fərqlənir. ABŞ və Ukrayna ilk növbədə atəşkəsə nail olunmasını, bundan sonra isə danışıqların davam etdirilməsini təklif edir. 

Rusiya isə əksinə, əvvəlcə bütövlükdə siyasi razılaşmanın əldə olunmasını, yalnız bundan sonra atəşkəs elan edilməsini istəyir. Moskva hesab edir ki, cəbhə xətti boyunca atəşkəsin elan olunması Ukraynaya hərbi potensialını gücləndirmək, xarici yardımları qəbul etmək və ordusunu yenidən hazırlamaq üçün əlavə imkan yaradacaq”-deyə, şərhçi bildirib.

Ə.Ağazadə bildirib ki, Rusiyanın əsas tələbləri işğal altında saxladığı ərazilər üzərində nəzarətini qorumaq, Ukraynanın NATO ilə əlaqələrini məhdudlaşdırmaq və Kiyevin Qərblə, xüsusilə də Avropa İttifaqı ilə münasibətlərinin gələcək formatına təsir göstərməkdən ibarətdir: “Ukrayna və Avropa ölkələrinin təhlükəsizliklə bağlı mövqeləri isə Moskvanın bu tələbləri ilə uzlaşmır. Bütün bunlar tərəflərin hələlik ortaq məxrəcə gəlməkdən uzaq olduğunu göstərir.

Siyasi şərhçinin qənaətinə görə, Əbu-Dabi görüşlərindən müharibənin tam dayandırılması ilə bağlı fundamental razılaşma gözləmək real görünmür. 

Daha çox hərbi əsirlərin dəyişdirilməsi, humanitar məsələlərin həlli və həyati əhəmiyyətli enerji obyektlərinə zərbələrin dayandırılması kimi məhdud razılaşmaların əldə olunması mümkündür. Danışıqlar prosesi növbəti görüşlərdə də davam etdiriləcək və ABŞ-ın qarşıya qoyduğu məqsədə nail olunması üçün əlavə diplomatik təmaslara ehtiyac yaranacaq”.

Məhəmməd Əliyev
Herbiand.az