Advertisment

Sərhəddə Mənəvi Körpü: Əsgər sevgisi və şagird məktubları

Ənənəmizə sadiq qalaraq, bu günlərdə yolumuzu Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sərhəd bölgəsində yerləşən hərbi hissələrindən birinə saldıq. Bu ziyarət bizim üçün sadəcə bir görüş deyil, əsgər və zabitlərimizin gündəlik fəaliyyətini, onların xidmət şəraitini və ən əsası, daxillərində gəzdirdikləri o sarsılmaz Vətən eşqini yaxından hiss etmək imkanı idi. Görüş zamanı hərbi qulluqçuların, əsgərlərin xidmət şəraiti, gündəlik fəaliyyət rejimi, əhval-ruhiyyəsi və qazandıqları təcrübə barədə ətraflı məlumatlar əldə etmək, ən əsası səmimi söhbətləşmək imkanımız oldu. Eyni zamanda əsgərlərin Vətənə, dövlətə və xalqa xidmətlə bağlı dərin düşüncələrini, hərbi xidmətə münasibətlərini öyrəndik. Onların öz xidmətlərinə məsuliyyətlə yanaşmaları ilə bağlı söylədikləri fikirlər təqdirə layiqdir desək yanılmarıq. Bu baxımdan onlarla apardığımız söhbətlər zamanı olduqca maraqlı və məzmunlu məqamlar üzə çıxdı ki, bu da hərbi hissədəki mənəvi hazırlığın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.

Ordumuzun daxilindəki bu yüksək ruh yüksəkliyi təkcə nizam-intizamla deyil, həm də xalqımızın hərbçilərimizə olan sonsuz etimadı ilə qidalanır. Elə bu mənəvi birliyin təzahürü kimi, görüş çərçivəsində orta məktəb şagirdləri tərəfindən yazılmış səmimi məktubları əsgərlərimizə təqdim etdik. Əsgərlər həmin məktubları böyük maraq və duyğu ilə oxuyaraq hər bir şagirdə fərdi cavab məktubları yazdılar. Bu qarşılıqlı yazışmaların məktəblilərlə əsgərlər arasında mənəvi-psixoloji körpü yaradaraq vətənpərvərlik hisslərinin daha da güclənməsinə xidmət etdiyini düşünürük. Məhz bu cür mənəvi bağlar ön xətdə dayanan hər bir nəfərin məsuliyyətini daha da artırır və onlarda qələbə ruhunu daim diri saxlayır.

Məsuliyyəti və peşəkar xidmət yolunu ən dərindən hiss edən mənəviyyatlı zabitlərimizdən olan Eminli Elşən Ayaz oğlu ilə həmsöhbət oluruq.

1995-ci il dekabr ayının 4-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olan Elşən bəyin hələ uşaq yaşlarından qəlbində hərb sənətinə böyük maraq və Vətənə xidmət arzusu alovlanıb. Elə bu müqəddəs amalla o, hərbi təhsilinə 2011-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseydə başlayıb və 2014-cü ildə oranı müvəffəqiyyətlə bitirərək zabitlik yolunda ilk böyük addımını atıb. Hərbçi olmaq istəyi onu elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə aparıb və 2018-ci ildə həmin məktəbi şəxsi heyətlə iş üzrə zabit ixtisası ilə bitirərək arzularını gerçəyə çevirib. 2018-ci ildə Müdafiə Nazirliyinin əmrinə əsasən leytenant hərbi rütbəsi alaraq Azərbaycan Ordusunda qürurla xidmətə başlayan həmsöhbətimiz bu gün tabor qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsini eyni əzmlə icra edir. O, xidmətinin fəlsəfəsini və əsgərlərlə olan səmimi münasibətlərini belə ifadə edir:“Mənim üçün vətənpərvərlik yalnız söz deyil, həyat amalıma çevrilmiş müqəddəs bir anlayışdır. Vətənə sevgi hər bir insanın daxilindən gələn ən ali hisslərdən biridir və mən də xidmətim dövründə dövlətimə, xalqıma sədaqətlə xidmət etməyə çalışıram. Vətən müharibəsində iştirak etmək mənim üçün həm böyük şərəf, həm də böyük bir məsuliyyət idi. O günləri hər zaman xalqımızın dəmir yumruq kimi birləşdiyi, ordumuzun isə rəşadət dastanı yazdığı qürur dolu anlar kimi xatırlayıram. Döyüş meydanında keçirdiyimiz hər dəqiqə bizə torpağın müqəddəsliyini və azadlığın qiymətini bir daha öyrətdi. Bu gün mən Ali Baş Komandanımızın ölkəmizdəki hərbi hissələrdə zabit və əsgər heyəti üçün yaratdığı şəraitdən, hər cür təminatdan səmərəli istifadə edərək əsgərlərimizin peşəkarlıq səviyyəsinin artırılmasına çalışıram. Onların hər birinə bir komandir olmaqla yanaşı, həm də bir qardaş kimi yanaşıram. Əsgərlərimizin fiziki hazırlığı ilə bərabər, onların dünyagörüşünün formalaşması, asudə vaxtlarının səmərəli təşkili və mənəvi dünyalarının zənginləşməsi üçün əlimdən gələni edirəm. Məqsədim odur ki, onlar hərbi biliklərə dərindən yiyələnsinlər və gələcəkdə cəmiyyət üçün layiqli, vətənpərvər fərdlər kimi yetişsinlər”.

Zabitin bu səmimi və qardaşlıq üzərində qurulan fikirlərindən sonra, hərbi hissədə xidmət edən əsgərlərimiz də bizimlə həmsöhbət oldular və öz ürək sözlərini bölüşdürlər:

Əsgər Orucov Kərim Qasım oğlu: “Mən Ağstafa rayonunun Xətai kəndindənəm. Artıq 10 aydır ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun motoatıcı bölüyündə xidmət edirəm. Vətən torpaqlarının keşiyində dayanmaq mənim üçün həm qürur, həm də müqəddəs borcdur. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına azad edilmiş, ərazi bütövlüyü bərpa olunmuş bu müqəddəs torpaqların hər qarışını qorumaq bizim üçün ən ali şərəfdir. Biz buradakı xidmətimizlə o qəhrəmanlığın davamçıları olduğumuzu sübut edirik. Bu gün şagirdlərdən gələn məktubları oxuyanda olduqca duyğulandım. Onların bizə olan inamı, o balaca əlləri ilə yazdıqları böyük dualar bizə dağ boyda güc verir. Onlara cavab yazarkən hiss etdim ki, biz təkcə sərhədi deyil, həm də o məsum uşaqların gələcəyini və arzularını qoruyuruq”.

Əsgər Quliyev Nurlan Ramiz oğlu: “Naxçıvan şəhərində anadan olmuşam. 1 ildən artıqdır ki, Azərbaycan Ordusunda xidmət edirəm və bu mənim üçün böyük şərəfdir. Əsgərlik dövrü insanın həm fiziki, həm də mənəvi cəhətdən formalaşmasında mühüm rol oynayır. Burada Vətən sevgisi daha da güclənir. Zəfər qazandığımız Vətən müharibəsindən sonra bərpa edilmiş ərazi bütövlüyümüzü qorumaq, şəhidlərimizin bizə əmanət qoyduğu torpaqlarda sayıq dayanmaq hər birimizin vicdan borcudur. Şagirdlərin bizə ünvanladığı məktubları oxuyanda xalqımızın birliyini bir daha hiss etdim və daxilən böyük duyğu hissi keçirdim. O sətirlərdəki sevgi bizə unudulmaz anlar yaşatdı. Onlara cavab yazarkən böyük qürur duydum ki, xalqımız öz əsgərinə belə böyük dəyər verir”.

Əsgər İsrailov Fərid Vüqar oğlu: “Ucar rayonundan hərbi xidmətə çağırılmışam və 6 aydır ki, buradayam. Hərbi xidmət mənim üçün Vətənə sədaqətin ən ali nümunəsidir. Xidmət dövründə hərbi nizam-intizamın, məsuliyyətin və Vətən sevgisinin əsl mənasını daha dərindən anlayırıq. 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı böyük Zəfər hər bir Azərbaycan gənci üçün qürur mənbəyidir. Biz bu gün azad olunmuş torpaqların keşiyində dayanan əsgərlər kimi, şəhidlərimizin ruhu qarşısında baş əyir və onlara layiq olmağa çalışırıq. Məktəblilərdən gələn məktublar isə ruhumuzu təzələdi, onları oxumaq hər birimizi dərindən duyğulandırdı. O məktubları oxuyanda içimdəki vətənpərvərlik hissi daha da coşdu. Onlara cavab yazanda hər bir kəlməni ürəyimlə yazdım, çünki bilirdim ki, o uşaqlar bizi özlərinə qəhrəman bilirlər”.

Hərbi hissədən ayrılarkən qəlbimizdə böyük bir rahatlıq və sonsuz qürur hissi var idi. Gördüklərimiz və eşitdiklərimiz bir daha sübut etdi ki, Azərbaycan Ordusu təkcə müasir silahları ilə deyil, həm də sarsılmaz mənəviyyatı və xalqına olan bağlılığı ilə yenilməzdir. Şagirdlərin göndərdiyi bir vərəq kağızın əsgər qəlbində yaratdığı o böyük fırtına, əslində dövlətimizin sarsılmaz təməli olan ordu-xalq birliyinin ən bariz nümunəsidir. Sərhəddə ayıq-sayıq dayanan Eminli kimi zabitlərimiz, Kərim, Nurlan və Fərid kimi məğrur əsgərlərimiz olduğu müddətcə, şəhidlərimizin qanı ilə suvarılmış bu torpaqlar hər zaman əmin əllərdə olacaq. Biz də bu müqəddəs yolda gecəsini gündüzünə qatan hər bir Vətən övladına eşq olsun deyir, onların çətin və şərəfli xidmətlərində uğurlar arzulayırıq.

VƏTƏN SİZƏ, SİZ İSƏ ALLAHA ƏMANƏTSİNİZ!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi