Advertisment

İtkin şəhidimiz Ələddin Həziyevlə vida mərasimi keçirildi

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Ələddin Həzi oğlu Həziyevlə vida mərasimi keçirilib.

Vida mərasimində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Şəhidimiz Füzuli rayonu, İşıqlı kənd qəbiristanlığı, şəhidlər cərgəsində torpağa tapşırılacaq.

Qeyd edək ki, Ə.Həziyev 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, 1993-cü ilin iyulun 23-ü Füzulinin Çuvarlı kəndində müdafiə etdikləri döyüş postunda iki döyüş yoldaşı ilə birgə şəhid olub. Şəhidlər həmin postun ərazisində, əsir düşmüş 6 nəfər silahdaşının erməni silahlılarının məcburiyyəti ilə basdırılıb. 1994-cü ildə Füzuli Rayon Məhkəməsinin qərarı ilə ona şəhid statusu verilib, lakin nəşi tapılmayıb.

Əsirlikdən qayıtmış 3 nəfər silahdaşının verdiyi məlumatlar əsasında məzar yerinin müəyyən edilməsi istiqamətində aparılan araşdırmalar nəticəsində 2025-ci ilin dekabr ayında basdırıldığı ərazidə qalıqları aşkarlanıb. Ekspertiza prosesindən sonra, 2 may 2026-cı il tarixində şəxsiyyətinin müəyyən olunması ilə bağlı ailəsinə rəsmi məlumat verilib.

“Qafqazinfo”