Hindistanda Hərbi Hava Qüvvələr üçün nəzərdə tutulan ilk C-295 hərbi nəqliyyat təyyarəsinin yığılması başa çatıb. Təyyarə artıq ilk sınaq uçuşuna hazırlanır.
Herbiand.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrindən bildirilib.
Təyyarə Hindistanın Tata Advanced Systems Limited şirkəti və Avropanın Airbus təyyarə istehsalçısı arasında birgə proqramın bir hissəsi olaraq istehsal olunur.
Proqram 56 ədəd C-295 təyyarəsinin çatdırılmasını nəzərdə tutur. Bunlardan 16-sı artıq İspaniyadakı Airbus zavodunda istehsal olunub, daha 40-ı isə birbaşa Hindistanın Vadodara şəhərində yığılır.
Yeni C-295 təyyarələri tədricən köhnəlmiş Avro 748 nəqliyyat təyyarələrini əvəz edəcək. Onların əhəmiyyətli hissəsi hələ də xidmətdədir.
1990-cı illərdə hazırlanmış C-295 təyyarəsi saatda 482 km-ə qədər sürətə çata, 9,3 tona qədər yük daşıya və 1300 kilometr məsafəyə qədər uça bilir. Həmçinin, təyyarə hazırlıqsız uçuş-enmə zolaqlarından da istifadə edə bilir ki, bu da onu çətin şəraitdə hərbi əməliyyatlar üçün münasib edir.
Bəxtiyar CƏFƏRLİ