Şəhid Abbasəli Qaragöz oğlu Nəzərəliyevin adını daşıyan bulaq-abidə kompleksinin açılışı münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edənlər şəhid Abbasəli Nəzərəliyevin keçdiyi şərəfli ömür yolundan, Vətənə sonsuz sədaqətindən və göstərdiyi qəhrəmanlıq nümunəsindən danışıblar. Bildirilib ki, 1990-cı ildə Sədərək rayonu erməni silahlı birləşmələrinin hücumuna məruz qalarkən Naxçıvanın qeyrətli oğulları sırasında Abbasəli Nəzərəliyev də doğma torpaqların müdafiəsinə qalxaraq böyük şücaət göstərib və Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb.
Çıxışlarda həmçinin qeyd olunub ki, 1994-cü ildə Ağdam rayonunun müdafiəsi zamanı qəhrəmancasına şəhid olan Abbas Məmmədovun da şücaəti Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla anılacaq.
Natiqlər vurğulayıblar ki, bu gün şəhidlərimizin ruhu şaddır. Çünki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, şəhidlərimizin qanını yerdə qoymayaraq ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib.
Tədbirin sonunda şəhid Abbasəli Nəzərəliyevin adını daşıyan bulaq-abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirə şəkli çəkdirilib.
Bəxtiyar ƏLİYEV