Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə noyabrın 10-da işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən dağıdılmış Azərbaycanın tarix və mədəniyyət abidələrinin dünya ictimaiyyətinə tanıdılması mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin əsas məqsədi uzun illər işğal dövründə Azərbaycanın tarixi, mədəni və dini irsinə qarşı törədilmiş vandalizm aktları barədə elmi əsaslandırılmış məlumatların ictimaiyyətə çatdırılması, bu faktların beynəlxalq səviyyədə tanıdılması və mədəni irsin qorunmasının əhəmiyyətinin bir daha diqqətə çatdırılması olub.
Tədbiri giriş sözü ilə açan təşkilatın sədri fəlsəfə doktoru Hüseyn İbrahimov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan monitorinqlər nəticəsində yüzlərlə tarix, mədəniyyət və dini abidənin dağıdıldığı, təhqir edildiyi və ya mənimsənilməyə cəhd göstərildiyi müəyyən edilib. Qeyd olunub ki, bu faktların beynəlxalq elmi və ictimai platformalarda sistemli şəkildə təqdim olunması mühüm əhəmiyyət kəsb edir.
Dəyirmi masada fəlsəfə doktoru, professor Əyyub Kərimov çıxış edərək Azərbaycanın maddi-mədəni irsinə qarşı törədilən vandalizm aktlarının tarixi və hüquqi aspektlərini təhlil edib. O, mədəni irsin qəsdən məhv edilməsinin beynəlxalq humanitar hüququn və UNESCO prinsiplərinin kobud şəkildə pozulması olduğunu vurğulayıb.
Daha sonra dosent Zeynəddin Şabanov məruzəsində işğaldan azad olunmuş rayonlarda yerləşən tarixi abidələrin mövcud vəziyyəti, onların bərpası istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə görüləcək işlər barədə ətraflı məlumat verib.
Tarixçi alim Mahir İbrahimov isə çıxışında Qarabağ və Şərqi Zəngəzurda yerləşən tarixi-mədəni abidələrin Azərbaycan xalqının zəngin irsinin ayrılmaz hissəsi olduğunu qeyd edərək, işğal dövründə həmin irsə qarşı həyata keçirilən vandalizm siyasətinin tarixi faktlar və arxiv materialları ilə sübuta yetirildiyini diqqətə çatdırıb.
Müzakirələr zamanı iştirakçılar işğaldan azad olunmuş ərazilərdə dağıdılmış tarix və mədəniyyət abidələri haqqında elmi araşdırmaların genişləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi və bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.