Bakı–Qars birbaşa aviareyslərinin ilk uçuşu bu gün həyata keçiriləcək
Azərbaycan ilə Türkiyə arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, iqtisadi, ticarət, turizm və mədəni əməkdaşlığın inkişafına töhfə verəcək Bakı–Qars birbaşa aviareyslərinin ilk uçuşu bu gün – 30 iyul 2026-cı il tarixində həyata keçiriləcək.
Uzun müddət aparılan danışıqlar və qarşılıqlı əməkdaşlıq nəticəsində reallaşan yeni hava xətti iki qardaş ölkə arasında nəqliyyat əlaqələrini asanlaşdıracaq, iş dünyası, turizm sektoru və investorlar üçün yeni imkanlar yaradacaq. Eyni zamanda, bu marşrut Qafqaz ilə Anadolunu birləşdirən strateji nəqliyyat əlaqələrinin mühüm tərkib hissəsi hesab olunur.
İlk reys çərçivəsində Bakıdan havaya qalxacaq təyyarə Qars Harakani Hava Limanına eniş etdikdən sonra rəsmi qarşılama mərasimi keçiriləcək. Tədbirdə protokol çıxışları, sərnişinlərlə müsahibələr, iş adamları və rəsmi şəxslərin yeni aviareysin bölgəyə verəcəyi töhfələrlə bağlı fikirləri dinləniləcək.
İlk uçuş münasibətilə Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalında Azərbaycan və AZAL nümayəndələri ilə yanaşı, Qars bələdiyyəsinin sədri professor doktor Ötüken Senger, Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan, Qars Vəkillər Kollegiyasının sədri Necat Yağcı və digər qonaqlar iştirak edəcəklər.
Tədbirin geniş işıqlandırılması məqsədilə TRT, Anadolu Agentliyi, İhlas Xəbər Agentliyi, Demirören Xəbər Agentliyi, eləcə də Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri və digər media qurumları ilk uçuşun yola salınmasını, sərnişinlərlə müsahibələri və Qarsda keçiriləcək qarşılama mərasimini izləməyə dəvət olunublar.
Təşkilatçılar bildirirlər ki, Bakı–Qars birbaşa aviareyslərinin istifadəyə verilməsi təkcə iki şəhər arasında hava nəqliyyatının başlanğıcı deyil, həm də Azərbaycan ilə Türkiyə arasında "Bir Millət, İki Dövlət" prinsipinin göylərdəki yeni rəmzi olacaq.