Advertisment

Qərbi Azərbaycanda məhv edilən və erməniləşdirilən tarix və mədəniyyət abidələrinin beynəlxalq ictimaiyyətə tanıdılmasına həsr olunmuş dəyirmi masa keçirilib

Sentyabrın 25-də Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə "Qərbi Azərbaycanda məhv edilən və erməniləşdirilən Azərbaycanın tarix və mədəniyyət abidələrinin dünya ictimaiyyətinə tanıdılması" mövzusunda dəyirmi masa keçirilib.

 

Tədbirin əsas məqsədi Qərbi Azərbaycan ərazisində Azərbaycan xalqına məxsus tarix, memarlıq və mədəni irs nümunələrinin məhv edilməsi, mənimsənilməsi və erməniləşdirilməsi ilə bağlı elmi araşdırmaların nəticələrinin ictimaiyyətə çatdırılması, bu məsələnin beynəlxalq elmi dairələrdə və ictimai platformalarda müzakirəsinə töhfə vermək olub.

 

Dəyirmi masanı giriş sözü ilə açan təşkilatın sədr fəlsəfə doktoru Hüseyn İbrahimov bildirib ki, Qərbi Azərbaycan ərazisində yerləşən çoxsaylı məscidlər, qəbiristanlıqlar, qalalar, körpülər, yaşayış məskənləri və digər tarix-mədəniyyət abidələri müxtəlif dövrlərdə dağıdılıb, onların memarlıq xüsusiyyətləri dəyişdirilərək mənşəyinin saxtalaşdırılmasına cəhd göstərilib. Vurğulanıb ki, bu faktların elmi mənbələrə əsaslanaraq dünya ictimaiyyətinə təqdim edilməsi milli-mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Tədbirdə fəlsəfə doktoru, professor Əyyub Kərimov məruzəsində Qərbi Azərbaycandakı Azərbaycan mədəni irsinin tarixi köklərindən, həmin irsin məqsədyönlü şəkildə məhv edilməsinin hüquqi və tarixi aspektlərindən bəhs edib. O bildirib ki, mədəni irsin qəsdən dağıdılması və saxtalaşdırılması beynəlxalq hüququn və mədəni irsin qorunmasına dair qəbul edilmiş beynəlxalq konvensiyaların tələblərinə ziddir.

 

Dosent Zeynəddin Şabanov çıxışında Qərbi Azərbaycanda yerləşən tarix və mədəniyyət abidələrinin mövcud vəziyyəti, onların tarixi əhəmiyyəti, eləcə də bu abidələrin sənədləşdirilməsi və beynəlxalq elmi ictimaiyyətə çatdırılmasının vacibliyi barədə öz fikirlərini bölüşüb.

 

Tarixçi alim Mahir İbrahimov isə məruzəsində Qərbi Azərbaycanın qədim yaşayış məntəqələri, məscidləri, qəbiristanlıqları və digər maddi-mədəni irs nümunələri ilə bağlı tarixi mənbələrə, arxiv sənədlərinə və xəritələrə əsaslanan faktları təqdim edib. O qeyd edib ki, bu irsin sistemli şəkildə tədqiqi və beynəlxalq səviyyədə tanıdılması tarixi həqiqətlərin obyektiv şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Müzakirələr zamanı iştirakçılar Qərbi Azərbaycana məxsus mədəni irsin qorunması, elmi tədqiqatların genişləndirilməsi, beynəlxalq konfrans və nəşrlər vasitəsilə tarixi faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Tədbirin sonunda iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı təkliflər səsləndirilib və Qərbi Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində bu kimi elmi-maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti qeyd olunub.