Advertisment

Gənclər Günü münasibətilə "Müasir dövrdə gənclərin kibertəhlükələrdən qorunması" mövzusunda dəyirmi masa keçirilib

Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə keçirilən dəyirmi masada rəqəmsal mühitdə gənclərin qarşılaşdığı kibertəhlükələr, fərdi məlumatların qorunması, təhlükəsiz internet istifadəsi və kibermədəniyyətin formalaşdırılması məsələləri müzakirə olunub.

 

Tədbirin əsas məqsədi gənclərin rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirilməsi, internet mühitində rast gəlinən kibertəhdidlər barədə məlumatlılığın artırılması, şəxsi məlumatların qorunması vərdişlərinin formalaşdırılması və təhlükəsiz internet istifadəsinin təşviq edilməsi olub.

 

Tədbiri giriş sözü ilə açan təşkilatın sədri fəlsəfə doktoru Hüsey İbrahimov bildirib ki, informasiya texnologiyalarının sürətli inkişafı gənclər üçün yeni imkanlar yaratmaqla yanaşı, kibercinayətkarlıq, fişinq hücumları, sosial mühəndislik, saxta məlumatlar və onlayn dələduzluq kimi riskləri də artırır. Bu baxımdan gənclərin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Dəyirmi masada dosent Həbib Hüseynov məruzəsində müasir dövrdə kibertəhlükəsizliyin cəmiyyət və dövlət üçün strateji əhəmiyyətindən danışıb. O, gənclərin sosial şəbəkələrdən və rəqəmsal platformalardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməsinin, güclü şifrələrdən istifadə etməsinin, şəxsi məlumatlarını qorumasının və rəqəmsal savadlılığını artırmasının vacibliyini vurğulayıb.

 

Ekspert Rizvan Abbasov isə çıxışında son dövrlərdə geniş yayılan kibertəhdidlər, onlayn fırıldaqçılıq üsulları, fişinq hücumları, zərərli proqram təminatları və sosial media vasitəsilə həyata keçirilən dələduzluq halları barədə ətraflı məlumat verib. O, iştirakçılara kiberrisklərdən qorunmaq üçün praktik tövsiyələr təqdim edib və təhlükəsiz internet davranışı ilə bağlı aktual nümunələri diqqətə çatdırıb.

 

Müzakirələr zamanı iştirakçılar gənclərin kibertəhlükələrdən qorunması istiqamətində maarifləndirici tədbirlərin genişləndirilməsinin, təhsil müəssisələrində rəqəmsal təhlükəsizlik mövzusunda təlimlərin təşkilinin və kibermədəniyyətin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və gənclərin rəqəmsal təhlükəsizliyinin təmin olunması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.