Dünyada dini və ideoloji təsirlərin sərhədləri aşaraq cəmiyyətlərin ictimai-siyasi həyatına təsir göstərməsi bu sahədə dövlət siyasətinin əhəmiyyətini daha da artırır. Azərbaycanda dünyəvi dövlət prinsiplərinin qorunması ilə yanaşı, dini sahədə xarici ideoloji təsirlərin və məzhəbçilik meyillərinin qarşısının alınması da aktual məsələlərdən biri olaraq qalır. Xüsusilə müxtəlif ölkələrdə dini təhsil alan şəxslərin ölkəyə qayıtdıqdan sonra fərqli dini yanaşmaları təbliğ etməsi cəmiyyətdə müzakirələrə səbəb olur. Bu baxımdan milli və tarixi ənənələrə, tolerantlıq prinsiplərinə və dünyəvi dövlət modelinə uyğun dini maarifləndirmə siyasətinin formalaşdırılması məsələsi gündəmə gəlir. Bəs Azərbaycanda dini sahədə vahid ideoloji yanaşmanın formalaşdırılması xarici təsirlərin və məzhəbçilik meyillərinin qarşısının alınmasına nə dərəcədə kömək edə bilər?

İlahiyyatçı Tural İrfan Herbiand.az-a açıqlamasında bildirib ki, bir dövlətin varlığını qoruyub saxlanmasında, yad ideoloji təsirlərdən qorunmasında özünün sabit ideoloji xəttinin olması vacibdir: “Ölkəmizdə dini sahədə müəyyən ideoloji boşluq hiss olunur. Vahid din modelimiz yoxdur. Bu model haqda azı on ildən artıqdır təkliflər vermişik. Lakin səthi tədbirlərlə kifayətlənilir. Nəticədə xarici dini ideologiyaların təsiri ölkəmizdə əhalinin həmrəyliyini pozur, dini vəhdətə, tolerant prinsiplərinə xələl gətirir. Bəzi teokratik İslam ölkələrində dini təhsil almış kadrlar bu işə böyük ziyan vurur. Çünki onlar dünyəvi dövlətdə din modelinin tələblərinə uyğun təhsil almayıblar. Odur ki, təhsil aldıqları teokratik sistemin mahiyyətini ölkəmizdə təbliğ edirlər. Yaxud bəzi ərəb ölkələrində təhsil alan şəxslər məhz həmin ölkənin din modelini tətbiq edirlər. Əgər hazırda ölkəmiz Türk Dövlətləri Təşkilatının mahiyyəti üzrə istiqamət götürübsə din modeli də məhz bu birliyin rayihəsinə uyğun formalaşmalıdır. Bu, həm öz keçmiş milli ənənələrimizə sadiqlik, həm də ideoloji vəhdət sarıdan önəmi və faydalı olar”.
İlahiyyatçı hesab edir ki, din dövlətdən ayrı olsa da, dini sahəni də özbaşına buraxmaq, taleyin hökmünə, yad təsirlərinin ümuduna qoymaq olmaz.
“Milli din xadimlərinə, dövlətçi ilahiyyatçılara ehtiyac var. Lakin təəssüf ki, bu zümrə barmaqla sayılacaq qədərdir. Yad təsirlər, öz ideoloji sistemlərini ölkədə bərqərar etmək istəyən xarici təsirlər bu cür ilahiyyatçıları tamamilə sıradan çıxarır. Mənim özümə hazırda elə təsirlər, təzyiqlər var ki, yaxın zamanda mən də öz ictimai maarifçilik fəaliyyətimi dayandırmağa məcbur olacam. Bu kimi hallar ölkə üçün ciddi təhlükədir. Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Vaxtilə mövcud olmuş tarixi dövlətlərin dini siyasətə alət etməsi səbəbi ilə xalqın müəyyən hissəsi fərqli məzhəb və təriqətlərə aiddir. Xarici maraqlar da məhz bundan istifadə edərək bölücülük işi aparırlar. Hazırda bu proses çox sürətlə gedir. Hətta dini cameədən və dini fiqurlardan başqa, digər sahələr üzrə də bu təbliğatın təsirini götürürük. Tarixi və milli köklərimizə, mötədil dini ənənələrə və inanc sisteminə dayanan vahid din modeli olmalıdır. Vahid dini ideoloji xətt müəyyən etmək üçün məzhəbsiz, tolerant, yad təsirlərə düşməmiş, təcrübəli alimlərdən, mütəxəssislərdən istifadə olunmalıdır. Bütün bunlar üçün dini sahədə böyük və köklü islahatlara ehtiyac var. Hazırki durum gələcək üşün çox ciddi problemlər yarada bilər. Bunun üçün də öncə milli təfəkküründə olan ilahiyyatçılara, onların maarifləndirmə və fəaliyyətinə imkanlar yaradılmalıdır”.
Aydın