Azərbaycan və İslam memarlıq irsinin mühüm nümunələrindən biri olan İrəvandakı Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi ciddi suallar doğurur. İslam dini, müsəlman icması və Göy məscidin tarixi ilə birbaşa bağlılığı olmayan bir şəxsin məscidin daxilində bu şəkildə yad edilməsi hansı tarixi və mənəvi zərurətdən irəli gəlir?
Yeqişe Çarentsin Azərbaycan xalqına, müsəlmanlara və ya İslam mədəniyyətinə hansı xidmətləri olub ki, onun adı ibadət məkanında əbədiləşdirilir?

İlahiyyatçı Tural İrfan Herbiand.az-a açıqlamasında deyib ki, bu hadisə Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə əngəl törətmək məqsədi daşıyır: “Şübhəsiz ki, Ermənistanın keçmiş prezidentlərinin həbs olunması, Rusiyayönümlü siyasi qüvvələrin neytrallaşdırılması istiqamətində atılan addımlar, eləcə də Zəngəzur dəhlizinin açılmasına qarşı İranın göstərdiyi təzyiqlərin nəticəsiz qalması regionda yeni geosiyasi reallıqlar formalaşdırır.
Məhz belə bir mürəkkəb siyasi şəraitdə tarixi və dini-mədəni irsə münasibətdə mübahisə doğuran addımların atılması diqqətdən kənarda qala bilməz. Bu kontekstdə Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi xüsusi suallar doğurur. İranın vitse-prezidentinin həmin mərasimdə şəxsən iştirak etməsi isə məsələyə Tehranın münasibətinin siyasi müstəvidə də müzakirəsinə əsas yaradır.
Ümumiyyətlə, İran ənənəvi siyasətinə uyğun olaraq, müsəlman irsindən öz siyasi maraqları naminə istifadə edir və bu amili Azərbaycana qarşı təzyiq və təxribat vasitəsinə çevirməyə çalışır. İran rəsmilərinin Göy məsciddə keçirilən mərasimdə iştirakı da bu baxımdan müəyyən suallar doğurur. Bu iştirak Tehranın Qərbi Azərbaycan, eləcə də indiki Ermənistan ərazisində yerləşən, tarixən Azərbaycan xalqına məxsus olmuş məscid və digər dini-memarlıq abidələrinə münasibətini gündəmə gətirir.
Belə təsəvvür yaranır ki, İran həmin abidələrin Azərbaycan xalqının tarixi-mədəni irsi kimi tanınmasından daha çox, onları özünün mədəni irs konsepsiyası çərçivəsində təqdim etməyə üstünlük verir. Bu yanaşma isə İranın regionda tarixi və mədəni irs üzərindən təsir imkanlarını genişləndirməyə hesablanmış siyasətinin, neoimperial mahiyyətli ideoloji xəttinin tərkib hissəsi kimi qiymətləndirilə bilər”.
Tural İrfan hesab edir ki, həm Ermənistan, həm də İranın dövlət rəsmilərinə müvafiq etiraz bildirişləri göndərilməlidir:
“İslam dininin başqa dinlərə, dini abidələrə və inanclara hörmətlə yanaşmaq prinsipləri var. Eyni hörmət və ehtiramın da müsəlmanların dini irsinə göstərilməsi gözlənilir. Tarixi abidələrin, məscidlərin və digər dini məkanların mənsubiyyətinin təhrif olunması qətiyyən yolverilməzdir. Məsələn, müsəlmanların razılığı və müvafiq dini qurumların mövqeyi nəzərə alınmadan bir məscidin mərasim zalına ateistin, xristianın və ya yəhudinin adının verilməsi qəbuledilməzdir.
Hər bir dini abidənin tarixi kimliyi, mənsubiyyəti və qorunması ilə bağlı məsələlərə həssaslıqla yanaşılmalıdır. Bu cür müdaxilələr təkcə mənəvi və tarixi baxımdan deyil, müvafiq hüquqi normalar çərçivəsində də qiymətləndirilməlidir.
Ermənilərin vaxtilə Qafqaz Albaniyasına məxsus kilsələrin bir qismini erməni dini irsi kimi təqdim etməyə çalışması da bu baxımdan xatırlanmalıdır. Alban irsinin mənimsənilməsi və tarixi-mədəni abidələrin mənsubiyyətinin dəyişdirilməsi ilə bağlı iddialar uzun illərdir elmi və ictimai müzakirələrin mövzusudur. Bu təcrübə göstərir ki, dini abidələrin tarixi kimliyinin qorunması məsələsi yalnız memarlıq deyil, həm də milli-mədəni yaddaş məsələsidir”.
İlahiyyatçı vurğulayıb ki, İran rəsmilərinin bu prosesdə birgə iştirakı məsələyə əlavə siyasi və dini məzmun qazandırır: “Hesab edirəm ki, bu addım məscidin tarixi kimliyinə və Azərbaycan xalqının dini-mədəni irsinə hörmətsizlik kimi qiymətləndirilməlidir. İslam tarixində məscidlərin dini və tarixi kimliyinə zidd şəkildə, müsəlman icmasının iradəsi nəzərə alınmadan başqa şəxslərin adları ilə əlaqələndirilməsi ənənəsi yoxdur. Bu məsələyə münasibətdə İranın dini-siyasi yanaşması da ciddi suallar doğurur.
Mənim fikrimcə, burada İslam irsinin ümumi müsəlman dəyərlərindən daha çox, müəyyən siyasi və ideoloji maraqlar naminə istifadə edilməsi təhlükəsi var. Tarixən şüubiyyə düşüncəsi ətrafında formalaşmış bəzi ideoloji yanaşmaların bu gün də dini və mədəni irs üzərindən təsir vasitəsinə çevrilməsi ehtimalı istisna edilməməlidir.
Burada açıq siyasi məqamların da olduğunu düşünürəm. İran yenə də Ermənistan ərazisindəki müsəlman irsi ilə bağlı proseslərdə iştirak etməklə həmin irs üzərində öz təsir imkanlarını nümayiş etdirməyə çalışır. Halbuki İrəvan xanlığı dövründə tikilmiş və ya bərpa olunmuş məscidlər, dini tikililər, tarixi-memarlıq nümunələri Azərbaycan xalqının tarixi yaddaşının ayrılmaz hissəsidir. Bu irsin mənsubiyyətinin təhrif edilməsinə qarşı qətiyyətli mövqe ortaya qoyulmalıdır”.
Tural İrfanın firrincə, zərurət yaranarsa, digər müsəlman ölkələri də bu məsələ ilə bağlı məlumatlandırılmalı, onların müvafiq dini qurumları və təşkilatları öz mövqelərini bildirməlidirlər:
“Çünki söhbət yalnız Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının və İslam aləminin ortaq mənəvi irsinə hörmət məsələsindən gedir. İrəvanda tarixən fəaliyyət göstərmiş tanınmış müsəlman alimləri, din xadimləri və ruhanilər olub.
Əgər məqsəd məscidin tarixini yaşatmaq və onun mədəni əhəmiyyətini vurğulamaqdırsa, ilk növbədə həmin məkanla bağlı tarixi şəxsiyyətlərin və din xadimlərinin xatirəsi yad edilməli idi. Ermənistanın bu cür addımları davam etdirməsi Azərbaycan-Ermənistan münasibətlərində etimad mühitinə və sülh prosesinə də mənfi təsir göstərə bilər.
Dini və tarixi irsin siyasiləşdirilməsi, onun mənsubiyyətinin mübahisəli şəkildə təqdim edilməsi regionda qarşılıqlı etimadın formalaşmasına xidmət etmir. Buna görə də belə hallara qarşı həm diplomatik, həm də beynəlxalq dini və mədəni platformalarda prinsipial mövqe sərgilənməlidir.
İran rəsmilərinin həmin mərasimdə iştirakı isə xüsusilə təəccüb və təəssüf doğurur. Özünü İslam dünyasının müdafiəçisi kimi təqdim edən bir dövlətin yüksək vəzifəli nümayəndəsinin müsəlman irsi ilə bağlı mübahisəli qərarın açılışında iştirak etməsi ciddi suallar yaradır. Bu, İslam dəyərlərinin siyasi maraqlara uyğun şəkildə şərh edilməsi və dini irsin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi barədə tənqidləri daha da gücləndirir.
Hesab edirəm ki, Göy məscidin tarixi kimliyinə hörmət edilməli, onun Azərbaycan xalqı ilə bağlı irsi qorunmalı və bu məsələdə yol verilmiş təhriflərə son qoyulmalıdır”.
Yunis İsrəfilov
Herbiand.az