Son illərdə qlobal iqlim dəyişiklikləri və regional su balansının pozulması nəticəsində Xəzər dənizində müşahidə olunan sürətli dayazlaşma prosesi ekoloji həyəcan təbili çalır. Peyk müşahidələri və beynəlxalq hesabatlar dəniz səviyyəsinin kəskin aşağı düşməsinin təkcə biomüxtəlifliyə deyil, həm də sahilyanı ölkələrin iqtisadiyyatına, liman infrastrukturuna və insanların sosial rifahına ciddi zərbə vurduğunu təsdiqləyir.
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Herbiand.az-a açıqlamasında Xəzərin dayazlaşmasına təsir edən amillərdən danışıb.

Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri və orta illik temperaturların kəskin artması nəticəsində Xəzər dənizi narahatedici şəkildə dayazlaşır: “Son on ilin rəsmi peyk müşahidələri dənizin su səthinin təxminən 11 216 kvadratkilometr kiçildiyini, su səviyyəsinin isə 1,33 metr aşağı düşdüyünü qəti şəkildə sübut edir.
Əsas qidalandırıcı mənbələrdən olan Volqa çayı hövzəsində yağıntı rejiminin pozulması və digər çay sularından həddindən artıq istifadə Xəzərə daxil olan suyun həcmini sürətlə azaldır.
Dünya okeanı ilə birbaşa təbii əlaqəsi olmayan qapalı hövzə xüsusiyyəti Xəzəri iqlim dəyişikliklərinə və intensiv buxarlanmaya qarşı son dərəcə həssas və müdafiəsiz edir. Şimal-şərq sahillərində suyun bəzi yerlərdə 20 kilometrdən çox geri çəkilməsi, təkcə Azərbaycan sahillərində 30 min hektar yeni quru sahənin yaranmasına səbəb olub. Bu ekoloji fəlakət həm də sahilyanı limanların fəaliyyətinə, yükdaşımalara və regionun ümumi iqtisadi-strateji təhlükəsizliyinə ciddi zərbə vurur”.
Ekoloq bildirib ki, Xəzər dənizinin səviyyəsinin kəskin aşağı düşməsi və su səthinin daralması ilk növbədə unikal endemik biomüxtəlifliyin, o cümlədən köklü balıq ehtiyatlarının və suitilərin yaşayış mühitini məhv edir.
“Sahilboyu dayazlaşma nəticəsində yaranan su-bataqlıq ekosistemlərinin quruması miqrasiya edən quşların qidalanma və yuvalama arealını daraldaraq quş populyasiyalarının sayına dağıdıcı təsir göstərir.
Dəniz səviyyəsinin çəkilməsi sahil zonasındakı təbii təmizləyici resursları zəiflədir, dayazlaşan sularda üzvi çirkləndiricilərin konsentrasiyasını artıraraq suyun keyfiyyətini kəskin şəkildə pisləşdirir. Bu ekoloji fəsadlar yalnız su hövzəsi daxilindəki tarazlığı deyil, həm də sahilyanı landşaftların aridləşməsinə və regional iqlimin daha da sərtləşməsinə şərait yaradır”-deyə, o, bildirib.
İ.Həsənova dənizin dayazlaşmasını yavaşlatmaq üçün görülməsi zəruri tədbirlərdən bəhs edib: “Dənizə axıdılan sənaye və məişət tullantılarının həcmini minimuma endirmək məqsədilə qabaqcıl təmizləyici qurğuların quraşdırılması və sərt ekoloji nəzarət standartları tətbiq edilməli, iqlim dəyişikliyinin mənfi təsirlərini yumşaltmaq üçün çay hövzələrində meşəbərpa işləri gücləndirilməli və təbii su-bataqlıq ekosistemləri qorunub saxlanılmalıdır.
Sahilyanı ölkələr dəniz səviyyəsinin tərəddüdlərini, suyun keyfiyyətini və biomüxtəlifliyi fasiləsiz izləmək üçün ortaq peyk və stasionar monitorinq şəbəkəsi yaratmalıdırlar. Kənd təsərrüfatında sudan israfsız istifadəni təmin edən müasir damlama və suvarma texnologiyalarına keçid dövlət səviyyəsində stimullaşdırılmalı və ekoloji məsuliyyət gücləndirilməlidir”.
QHT sədrinin sözlərinə görə, ölkə daxilində də Xəzərin dayazlaşmasının fəsadlarını yumşaltmaq üçün zəruri addımlar atılmalıdır:
“İlk növbədə Kür, Araz və digər çayların su ehtiyatlarından səmərəli istifadə edilməli, kənd təsərrüfatında sudan qənaətlə istifadəyə imkan verən müasir suvarma texnologiyalarının tətbiqi sürətləndirilməlidir.
Dənizə axıdılan sənaye və məişət çirkab sularının müasir bioloji və mexaniki təmizləyici qurğulardan keçirilməsi tam təmin olunmalıdır. Geri çəkilən su nəticəsində yaranan yeni sahil ərazilərində təbii landşaftın bərpası, duzlaşmanın qarşısının alınması və yerli biomüxtəlifliyin qorunması üzrə xüsusi milli adaptasiya proqramı icra edilməlidir. Ekoloji nəzarət mexanizmləri sərtləşdirilməli, sahilyanı ərazilərdə və çay mənsəblərində suyun səviyyəsi və keyfiyyəti üzərində mütəmadi stasionar və peyk monitorinqləri aparılmalıdır.
Cəmiyyətdə su resurslarına qənaət mədəniyyətinin formalaşdırılması və dəniz ekosisteminin çirkləndirilməsinin qarşısının alınması məqsədilə orta məktəblərdən başlayaraq bütün əhali qrupları arasında sistemli ekoloji maarifləndirmə kampaniyaları genişləndirilməlidir”.
Aydın
Herbiand.az