Advertisment

Energetika naziri Hörmüz boğazındakı vəziyyətin qlobal enerji təhlükəsizliyinə təsirlərindən danışıb

Hörmüz boğazındakı vəziyyət qlobal enerji təhlükəsizliyinə ciddi təsir edir.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov V Antalya Diplomatiya Forumu çərçivəsində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Hörmüz boğazında təxminən gündəlik 12 milyon barel neftin bloklandığı görünür.

Onun sözlərinə görə, bunun müəyyən hissəsi Avropaya yönəlir və mayeləşdirilmiş təbii qazın 8 faizdən çoxu, neftin 7 faizi, həmçinin aviasiya yanacağı və dizelin 40 faizi bu marşrut vasitəsilə Avropaya çatdırılır.

Pərviz Şahbazov qeyd edib ki, məhz bu səbəbdən Avropa Hörmüz boğazında baş verən proseslər baxımından həssas mövqedədir.

Bununla yanaşı, enerji təchizatının 90 faizinin Asiyaya yönəldiyini vurğulayan nazir əlavə edib ki, məsələ yalnız Avropa ilə məhdudlaşmır və böhran qlobal xarakter daşıyır.

Nazir vurğulayıb ki, enerji təhlükəsizliyi qısa müddətdə formalaşdırıla biləcək sahə deyil və bu istiqamətdə həm mövcud vəziyyət, həm də uzunmüddətli perspektiv nəzərə alınmalıdır.

O deyib ki, Azərbaycan illərdir neft və qaz təchizatını şaxələndirir və hazırda hasil etdiyi nefti dünyanın təxminən 20 ölkəsinə, o cümlədən Avropa və Asiya dövlətlərinə ixrac edir.

Pərviz Şahbazov əlavə edib ki, son illərdə Azərbaycan Avropa ölkələrinə təbii qaz ixracını da genişləndirib və hazırda qaz tədarükü həyata keçirilən 16 ölkədən 10-u Avropa İttifaqına üzvdür.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan "OPEC+" çərçivəsində məsuliyyətli tərəfdaş kimi çıxış edir və qlobal enerji bazarında yaranan problemlərin həlli istiqamətində fəal iştirak etməklə yanaşı, bəzi hallarda vasitəçi rolunu da üzərinə götürür.