Advertisment

Avstraliya Yaponiyadan modernləşdirilmiş “Moqami” sinifli 3 freqat sifariş edib

Avstraliya hökuməti Yaponiya və Mitsubishi Heavy Industries gəmiqayırma şirkəti ilə modernləşdirilmiş 3 “Moqami” sinifli freqatın tədarükü üçün müqavilə imzalayıb.

Herbiand.az bildirir ki, bu, 11 yeni ümumi təyinatlı freqatın alınmasını nəzərdə tutan SEA 3000 proqramının ilk addımıdır.

Kanberranın əsas tələblərindən biri sifariş edilmiş gəmilərin sürətli tədarükü idi. Layihəni sürətləndirmək üçün ilk 3 freqat Yaponiyada inşa ediləcək. Aparıcı gəminin 2029-cu ildə Avstraliya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi və 2030-cu ildə istismara verilməsi planlaşdırılır. Texnologiyanın ötürülməsi müqaviləsi çərçivəsində Avstraliyada əlavə 8 freqat inşa ediləcək.

“Moqami” sinifli freqatların tam su tutumu təxminən 5500 ton, uzunluğu 132,5 metr, eni 16,3 metrdir. Bu gəmilərdən doqquzu hazırda Yaponiya Hərbi Dəniz Qüvvələrində xidmətdədir. Heyət 90 nəfərdən ibarətdir.

Gəmilər bir çoxməqsədli helikopter, eləcə də mina əleyhinə tədbirlər üçün müxtəlif sualtı pilotsuz nəqliyyat vasitələri daşımaq üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ