Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 15-də keçirilmiş buraxılış imtahanında ən yüksək nəticə göstərənlərdən biri də Bakı şəhərindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi Nəslihan Məmmədlidir.
Təəssüratlarını AZƏRTAC-la bölüşən Nəslihan bildirib ki, imtahana XI sinifdə hazırlaşmağa başlayıb. Müsahibimiz texnikiyönümlü fənlərə maraqlı olduğuna görə Azərbaycan dili fənni üzrə suallar cavablandırarkən çətinlik çəkdiyini bildirib.
Gələcək planlarından danışan Nəslihan qeyd edib ki, özünü neft sektoru sahəsində görür və bu istiqamətdə təhsil almaq üçün Bakı Ali Neft Məktəbində kimya mühəndisi ixtisasına qəbul olmağı hədəfləyir. O, bakalavriat təhsilini Azərbaycanda, magistratura təhsilini isə xaricdə davam etdirməyi düşünür: “Digər abituriyentlərə ruhdan düşməmələrini, dərslərinə diqqətlə yanaşmalarını tövsiyə edirəm”.
Nəslihan imtahana hazırlıq müddətində istirahətinə də vaxt ayırıb. Deyir ki, boş vaxtlarında elmi fantastik filmlər izləyir, kitab oxuyur və musiqi ilə məşğul olur.