Advertisment

BP: “Şahdəniz Kompressiya” layihəsi üzrə işlər qrafikə uyğun irəliləyir

“Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi çərçivəsində həyata keçirilən “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üzrə işlər təhlükəsiz şəkildə və qrafikə uyğun irəliləyir.

Bu barədə Herbiand.az BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam edib. İlkin polad və struktur komponentləri, o cümlədən dayaq blokunun elementləri və sualtı konstruksiyaların tikintisi üzrə əhəmiyyətli irəliləyiş əldə olunub.

“Dəniz və sualtı mühəndislik fəaliyyətləri də qrafikə uyğun davam edib, bu işlər çərçivəsində müfəssəl dizayn işləri plan üzrə irəliləmiş, əsas texniki baxışlar isə tamamlanıb”, - hesabatda qeyd olunur.

Bildirilir ki, hesabat dövründə bir sıra mühüm avadanlıq dəstinin təchizat prosesi tikinti və quraşdırma cədvəllərinə uyğun davam edib.

Qeyd edək ki, 2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də “Şahdəniz Alfa” (ŞDA) və “Şahdəniz Bravo” (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.