Dövlət Duması ikinci və üçüncü oxunuşlarda Rusiya prezidentinin qərarı ilə ölkə vətəndaşlarını qorumaq üçün xaricdə silahlı qüvvələrdən istifadəyə icazə verən qanun layihəsini qəbul edib.
Herbiand.az bu barədə Rusiya mətbuatına istiadən bildirir.
Məlumata görə, qanunvericilik təşəbbüsünün lehinə 381 deputat (84,7%) səs verib. Əleyhinə çıxan və ya bitərəf qalan olmayıb.
Sənəd bundan sonra Federasiya Şurası tərəfindən təsdiqlənəcək, ardınca isə imzalanması üçün prezidentə təqdim ediləcək.
Qanun layihəsinə əsasən, dövlət başçısının qərarı ilə Silahlı Qüvvələr xarici məhkəmələrin qərarları ilə həbs edilmiş, saxlanılmış, cinayət və ya digər təqiblərə məruz qalan Rusiya vətəndaşlarını qorumaq üçün cəlb edilə bilər. Bu, yalnız Rusiyanın tərəf olmadığı və yurisdiksiyası Rusiya ilə beynəlxalq müqaviləyə və ya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmayan məhkəmələrə aiddir.
Bundan əlavə, prezidentin qərarı ilə Rusiya hakimiyyəti öz səlahiyyətləri daxilində vətəndaşları qorumaq üçün zəruri tədbirlər görəcək.
Bəxtiyar CƏFƏRLİ