Almaniya Bundestaqının Sol partiyasının üzvləri hökumətdən Amerikanın orta mənzilli ballistik raketlərinin ölkə ərazisində yerləşdirilməsini bloklamağı tələb ediblər.
Herbiand.az xarici mətbuata istinadən bildirir ki, onlar Avropada təhlükəsizliyi gücləndirmək üçün Moskva ilə Vaşinqton arasında gərginliyin dayandırılmasının vacibliyində israr edirlər.
Parlament üzvləri Almaniya hökumətini 2024-cü ilin iyul ayında imzalanmış ABŞ ilə ikitərəfli bəyannaməni ləğv etməyə çağırıblar. Bundan əlavə, deputatlar ölkədə Amerika raketlərinin yerləşdirilməsi planlarından tamamilə imtina etməyi tələb edirlər.
Bəyannamədə Vaşinqtonun Almaniyaya ötürmək niyyətində olduğu konkret silah növləri göstərilir: Tomahawk orta mənzilli qanadlı raketlər; SM-6 uzadılmış mənzilli zenit raketləri; eksperimental hipersəs raketləri.
Alman siyasətçiləri əmindirlər ki, NATO-ya daxil olan bütün Avropa ölkələri nüvə başlıqları daşıya bilən Amerika orta mənzilli raketlərinin yerləşdirilməsindən imtina etməlidir.
Bəxtiyar CƏFƏRLİ