Advertisment

Fransanın Azərbaycana münasibətində erməni faktoru

Fransanın Azərbaycana münasibətdə sərgilədiyi mövqenin təkcə Makron dövrü ilə məhdudlaşmayacaq.

Bu fikir mayın 12-də Media İnkişaf Agentliyi  tərəfindən deputatlar və ekspertlərin iştirakı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda təşkil olunan dəyirmi masada səsləndirilib.

Dəyirmi masada iştirak edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “HƏRBİ AND” qəzetinin əməkdaşının Fransa-Azərbaycan münasibətlərində vaxtaşırı müşahidə olunan gərginliklərlə bağlı sualın cavabında bildirib ki, münasibətlərində qərəzli yanaşma əvvəlki Fransa prezidentlərinin dövründə də hiss olunub.

Keçmiş nazir bu kontekstdə ümummilli lider Heydər Əliyevin Fransaya səfərini xatırladıb. Onun sözlərinə görə, həmin görüş zamanı Fransa prezidenti Jak Şirak Ermənistanın onlar üçün “qardaş dövlət” olduğunu bildirsə də, bunun münaqişə məsələsində qərəzli mövqe sərgiləməyə əsas vermədiyini vurğulayıb.

Heydər Əliyev isə cavabında Ermənistanın Fransa üçün yaxın ölkə olmasını anlayışla qarşıladıqlarını, lakin erməni lobbisinin Fransadakı güclü təsir imkanlarından və daxili ictimai rəyə təsirindən narahat olduğunu bildirib.

Tofiq Zülfüqarov əlavə edib ki, Fransa yalnız Ermənistan vasitəsilə Azərbaycana qarşı deyil, eyni zamanda Yunanıstan vasitəsilə ilə də Türkiyə ilə də müxtəlif siyasi qarşıdurmalar və gərginliklər yaşayıb.

Onun fikrincə, bu yanaşma Fransanın region siyasətində uzun illərdir müşahidə olunan siyasi xəttin tərkib hissəsidir.

Yunis İsrəfilov