Advertisment

İran XİN-dən 14 vətəndaşının Azərbaycanda arzuolunmaz şəxs elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib.

Herbiand.az xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqayi bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

O, Azərbaycanın bu qərarını "dostcasına addım hesab etmədiklərini" bildirib: “Ümumiyyətlə, 14 İran vətəndaşının ‘arzuolunmaz şəxs’ elan edilməsi məna kəsb etmir. Çünki bu şəxslərin heç biri diplomat deyil və Azərbaycan Respublikasının ərazisində də olmayıblar. Lakin bu addım dostcasına hərəkət deyil”.

İran XİN sözçüsü bununla bağlı Azərbaycan tərəfinə rəsmi etiraz bildirildiyini açıqlayıb: “Biz etirazımızı açıq şəkildə bildirmişik. Azərbaycanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, etirazımız ona çatdırılıb. Bundan sonra da zəruri hesab etdiyimiz addımları atacağıq və bu barədə məlumat verəcəyik”.

Xatırladaq ki, APA noyabrın 3-də 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi barədə məlumat yayıb. / APA