Advertisment

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının milli qürurunun, birliyinin və sarsılmaz iradəsinin təcəssümüdür. Bu qələbənin arxasında torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və xalqımızın həmrəyliyi dayanır. Vətən müharibəsində çiyin-çiyinə döyüşərək şəhidlik zirvəsinə ucalan qardaşlar İman və Bəhramın həyat yolu da bu qəhrəmanlıq salnaməsinin unudulmaz səhifələrindəndir.

Herbiand.az bildirir ki, bu fikirləri iki şəhid qardaşın atası Elman Məmmədov söyləyib.

Şəhid qardaşların atası bildirib ki, övladlarının xatirəsi, onların Vətən uğrunda göstərdikləri fədakarlıq, ailəsi üçün həm böyük qürur, həm də əvəzsiz övlad acısıdır: "İmanla Bəhramın aralarında cəmi bir yaş yarım fərq olub. Uşaqlıqdan bir yerdə böyüyən qardaşlar məktəb illərini, ali təhsil həyatını, hərbi xidmətlərini və Vətən müharibəsindəki döyüş yollarını birlikdə keçiblər. Onlar bir-birinə yalnız qardaş deyil, həm də ən yaxın dost və silahdaş olublar. “İmanla Bəhram əsl qardaşlıq salnaməsi yazdılar. İstərdim ki, böyüyən hər bir qardaş onlar kimi olsun, bir-birinə, Vətəninə və dövlətinə dayaq dursun. Onlar son ana qədər bir-birinin yanında oldular. Qardaşı qardaşdan Vətən yolunda ölüm belə ayıra bilmədi".

İki şəhid atası deyib ki, İman və Bəhram 2020-ci il sentyabrın 27-dən oktyabrın 27-dək Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşublar: "Qardaşların son döyüşü oktyabrın 27-də Qırmızı Bazar istiqamətində olub. Onlar yüksəklik uğrunda gedən döyüşlərdə birlikdə şəhid olublar. Bir valideyn üçün dünyada ən ağır dərd övlad itkisidir. Övlad acısını heç nə ilə doldurmaq mümkün deyil. Mənim ən böyük qürurum oğullarımın Vətən uğrunda çiyin-çiyinə döyüşməsi və qəhrəmancasına şəhid olmasıdır. Onların yoxluğu bizim üçün ağır dərddir, amma şəhidlik məqamları və adlarının xalqımızın yaddaşında əbədi yaşaması bizə təsəlli verir".

Şəhid atası vurğulayıb ki, 30 ilə yaxın davam edən torpaq həsrəti, xalqımızın yaşadığı ağrı-acılar və itkilər Zəfərlə nəticələnən mübarizənin tarixi əhəmiyyətini daha da artırır: "Şəhidlərin fədakarlığı sayəsində Azərbaycan xalqı öz torpaqlarına, milli qüruruna və gələcəyə inamına qovuşub. 44 günlük müharibənin şəhidlərinin bir adı var: Zəfər qəhrəmanları. Onlar əsrlərin qisasını aldılar, 30 illik torpaq həsrətinə son qoyulmasına öz canları ilə töhfə verdilər. Adları Azərbaycan tarixinə əbədi qəhrəmanlıq dastanı kimi yazıldı".