“Azərbaycan Respublikası dünyada yaşayan 50 milyondan çox soydaşımızın vahid milli-mənəvi istinatgahıdır. Hansı ölkədə yaşamasından asılı olmayaraq soydaşlarmızın ana dili hərəkatına, milli haqqlar uğrunda mübarizəsinə dəstək verməliyik”.
Bu sözləri Herbiand.az-a açıqlamasında siyasi təhlilçi Xəzər Teyyublu bildirib. Onun fikrincə, geosiyasi müstəvidə ən sarsılmaz və dayanıqlı platformalar məhz dərin tarixi-etnik köklərə söykənən birliklərdir: “Dünya miqyasında böyük demoqrafik potensiala malik olan azərbaycanlılar geniş bir coğrafi məkanda məskunlaşıblar.

Cənubi Qafqaz, İran, Türkiyə, İraq, Suriya və Gürcüstandakı soydaşlarımızın vahid ideoloji müstəvidə birləşməsi vacibdir. Qlobal miqyasda səpələnmiş bu nəhəng toplumun mənəvi həmrəyliyi regionda yeni bir güc mərkəzinin formalaşması üçün kifayətdir”.
Azərbaycan dünyasının hüdudsuz imkanlara malik olduğunu vurğulayan təhlilçi hesab edir ki, bu potensial düzgün qiymətləndirilməlidir: “Milli-mədəni özünüdərk prosesinin sürətlənməsi ümumazərbaycan birliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Bu istiqamətdə sosial şəbəkələrin, internet platformalarının və müasir kommunikasiya vasitələrinin imkanlarından səmərəli istifadə etməklə İran, Türkiyə, İraq, Suriya və Gürcüstanda yaşayan soydaşlarımızla mədəni əlaqələri genişləndirməliyik. Əsas məqsədlərdən biri onların ana dili, milli kimliyi və tarixi-mədəni irsi ilə bağlarını qorumaq, Azərbaycanla mənəvi əlaqələrini daha da gücləndirmək olmalıdır”.
Xəzər Teyyublu bildirib ki, bunun üçün imkan daxilində soydaşlarımızın yaşadığı bölgələrə Azərbaycan dilində dərsliklər, bədii ədəbiyyat və maarifləndirici materiallar göndərilməlidir: “Azərbaycan dilli məktəblərin açılması, mövcud təhsil ocaqlarının dəstəklənməsi və davamlı fəaliyyətinin təmin edilməsi istiqamətində təşəbbüslər artırılmalıdır.
Bu prosesdə ana dilini, milli tarixi və mədəni dəyərləri dərindən bilən yerli müəllimlərin, ziyalıların və peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət yetirilməlidir.
Unutmamalıyıq ki, ümumazərbaycan birliyi yalnız ortaq tarixi yaddaşla deyil, həm də dil, təhsil, mədəniyyət və nəsillərarası mənəvi bağlılığın qorunması ilə möhkəmlənir. Biz istəsək böyük bir birliyin təməli atıla bilər”.
Aydın