ABŞ və İran arasında qarşıdurmanın yenidən hərbi müstəviyə keçməsi ehtimalı beynəlxalq təhlükəsizlik gündəmində ciddi narahatlıq doğurur.
Xüsusilə Vaşinqtonun Tehrana qarşı mümkün hərbi addımlarında nüvə silahından istifadə edilməsi ilə bağlı səsləndirilən iddialar təhlükənin miqyasını daha da artırır.
Jurnalist Taker Karlsonun son açıqlamaları bu ehtimallar ətrafında müzakirələri yenidən gündəmə gətirib.
Onun iddiasına görə, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa İrana qarşı nüvə zərbəsi endirilməsi istiqamətində təzyiq göstərir. Belə bir ssenarinin reallaşması təkcə İranı deyil, bütün Yaxın Şərqi, xüsusilə Fars körfəzi ölkələrini humanitar və ekoloji fəlakətlə üz-üzə qoya bilər.
Bəs bu iddiaların reallaşması regionun gələcəyinə, qlobal təhlükəsizliyə və Azərbaycanın milli maraqlarına hansı nəticələri vəd edir?
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Hebriand.az-a açıqlamasında bildirib ki, dünyanın supergücləri öz geosiyasi maraqları naminə regionumuzu qlobal ekoloji fəlakət təhlükəsi ilə üz-üzə qoymamalıdır.

Onun sözlərinə görə, hərbi münaqişə zonalarında baş verə biləcək hər hansı nüvə sızması təkcə münaqişə tərəfləri üçün deyil, bütövlükdə region üçün ağır və uzunmüddətli fəsadlar yarada bilər: “Belə bir fəlakət baş verərsə, şirin su mənbələri təmizlənməsi imkansız dərəcədə çirklənəcək, torpaq qatı, ot örtüyü və meşə massivləri məhv olacaq.
Atmosferə atılan təhlükəli radioaktiv tullantılar canlı aləmin genofonduna birbaşa və uzunmüddətli zərbə vuracaq. Hətta atom ssenarisi reallaşmasa belə, hava zərbələri, artilleriyanın işə düşməsi və ağır texnikanın hərəkəti torpaq qatını aşınmaya uğradaraq əkin sahələrini sıradan çıxarır. Atılan raket və bombalar münbit torpaqları, otlaqları tərkibindəki kimyəvi maddələrlə uzunillik zəhərlənməyə məruz qoyur. Müharibə ocaqları insanları öz doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, təbiətin təbii tarazlığını da kökündən pozur. Şiddətli hərbi əməliyyatlar səbəbindən vəhşi heyvanlar öz təbii yaşayış mühitlərini tərk etməyə məcbur olur.
Bu hal fauna nümayəndələrinin populyasiya artımına ciddi maneələr törədir və təbii miqrasiya marşrutlarını tamamilə pozur. Su hövzələrinin kimyəvi çirklənməsi və partlayış dalğaları balıqların təbii artım prosesini və ekosistemini məhv edir.
Ən dəhşətlisi isə hərbi münaqişələrin milyonlarla insanı humanitar böhranla üz-üzə qoyaraq qaçqın və məcburi köçkünə çevirməsidir.
Biz Qarabağda 30 il davam edən müharibənin acı təcrübəsindən bilirik ki, hərbi əməliyyatların vurduğu ağır ekoloji fəsadları onlarca il keçsə də tam aradan qaldırmaq mümkün olmur”.
Aydın
Herbiand.az