5 noyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “8 Noyabr – Tarix yazanlar, zəfər qazananlar günü” adlı lektoriya keçirilib.
Tədbirdə “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri Ceyran Həsənova da iştirak edib.
Çıxışı zamanı Ceyran Həsənova Zəfər Gününün Azərbaycan xalqının müasir tarixindəki mühüm yeri və tarixi əhəmiyyətindən bəhs edib. O, Vətən müharibəsində qazanılan Qələbənin milli birliyin, dövlətçilik iradəsinin və vətənpərvərlik ruhunun təcəssümü olduğunu vurğulayıb.
Bildirib ki, tarixi Zəfərin gələcək nəsillərə çatdırılması gənclərin üzərinə mühüm məsuliyyət qoyur. Bu baxımdan milli-mənəvi dəyərlərin qorunmasının, tarixi yaddaşın yaşadılmasının və nəsillərarası bilik mübadiləsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ceyran Həsənova tədbir çərçivəsində şəhid oğlu Əbdülməcid Axundova həsr olunmuş “Savaşçı” kitabını Mərkəzi Elmi Kitabxananın direktoru, professor Hüseyn Hüseynova təqdim edib.
Sonda tədbir iştirakçıları MEK-nın “Qarabağ” fondunda təşkil olunan kitab sərgisi ilə tanış olublar.