Advertisment

Abadlaşan Bakı- “Sahibsiz heyvanlar üçün də şərait yaradılmalıdır”

Bakıda həyata keçirilən abadlıq və yenidənqurma işləri çərçivəsində köhnə və yararsız tikililər sökülür, yaşayış məhəllələri müasir tələblərə uyğun yenilənir. Bu proses şəhərin estetik görünüşünün yaxşılaşdırılması ilə yanaşı, ekoloji və sanitariya vəziyyətinin sağlamlaşdırılmasına da töhfə verir.

Söküntü və təmizlik işləri zamanı böyük həcmdə tullantıların ərazidən daşınması şəhər təsərrüfatının qarşısında yeni vəzifələr qoyur. Bununla belə, nümunəvi məhəllələrin yaradılması zamanı ekoloji tarazlığın və heyvanların rifahının qorunması da nəzərə alınmalıdır.

Bəs yenilənən məhəllələrdə sahibsiz heyvanlar üçün xüsusi evciklərin yaradılması nə dərəcədə məqsədəuyğundur?
“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova Herbiand.az-a açıqlamasında deyib ki, Bakıda nümunəvi məhəllələrin yaradılması, köhnə və istismar müddətini başa vurmuş tikililərin sökülərək ərazilərin abadlaşdırılması şəhər mühitinin sağlamlaşdırılması baxımından mühüm addımdır.

Lakin bu təşəbbüslər daha geniş əhatə olunmalı, şəhərin bütün yaşayış məhəllələrində ekoloji və sosial rifahı təmin edən tədbirlər həyata keçirilməlidir.

Xüsusilə, abadlıq və yenidənqurma layihələrində yaşıllıqların qorunması, tullantıların düzgün idarə edilməsi və sahibsiz heyvanlar üçün təhlükəsiz şəraitin yaradılması da nəzərə alınmalıdır: “Bu proses həm yaşayış şəraitinin yaxşılaşdırılmasına, həm də sanitariya-gigiyena normalarının təmin edilməsinə xidmət edir.

Məlumatlara görə, bəzi məhəllələrdə söküntü və təmizlik işləri zamanı 12-15 yük maşını həcmində tullantı ərazidən daşınır.

Bu fakt şəhər məkanlarında tullantıların idarə olunmasının və mütəmadi təmizliyin nə qədər vacib olduğunu göstərir. Lakin abadlıq işləri yalnız binaların yenilənməsi, yolların çəkilməsi və yaşıllıqların salınması ilə məhdudlaşmamalıdır. Şəhərin ekoloji və humanist inkişafı onun bütün canlılar üçün əlverişli mühitə çevrilməsini də nəzərdə tutmalıdır”. 

QHT sədri deyib ki, məhəllələrin yenidən qurulması zamanı sahibsiz heyvanların taleyi də diqqətdən kənarda qalmamalıdır: “Hesab edirəm ki, yeni məhəllələrdə sahibsiz pişik və itlər üçün xüsusi evciklərin quraşdırılması məqsədəuyğun olardı.

Belə sığınacaqlar heyvanların yağışdan, küləkdən, soyuqdan və isti havadan qorunmasına kömək edə bilər. Evciklər yaşayış binalarının girişlərinə və insanların hərəkətinə mane olmayacaq, sanitar tələblərə uyğun ərazilərdə yerləşdirilməlidir.

Eyni zamanda, onların təmizliyinə, dezinfeksiyasına və qida təminatına nəzarət mexanizmi yaradılmalıdır. Bu işdə bələdiyyələrin, kommunal xidmətlərin, heyvansevər könüllülərin və ictimai təşkilatların əməkdaşlığı vacibdir.

Sahibsiz heyvanların sayının humanist üsullarla tənzimlənməsi, peyvəndlənməsi və sterilizasiyası da paralel şəkildə həyata keçirilməlidir. Unutmayaq ki, müasir və nümunəvi şəhər yalnız gözəl binaları və abad küçələri ilə deyil, həm də təbiətə, ətraf mühitə və digər canlılara göstərdiyi qayğı ilə seçilir”.

Aydın
Herbiand.az