Advertisment

“VƏTƏNİN XƏYALI" kitabı Şəki şəhərində təqdim olundu

QARANLIĞA SAÇILAN NUR...

Ötüb keçən zamanın xəyallardakı izi silinməz olur. O xəyallar hərdən sevinclə, hərdən kədərlə xatırlanır. Bəzən isə o xəyalların dərinliyinə qərq olan insan göz yaşında boğulur. Varlığı ilə bütün qaranlığa nur saçan insanın yenə var olmasını istəyir. Ancaq o insanın vətənin zülmət içində keçən 30 ilinin ardından günəş kimi nur saçaraq həsrətli torpaqların həsrətini öz ömrünü verərək bitirdiyini düşündükcə kədəri və qürururu eyni anda yaşayır insan.

Məmmədov Xəyal Ağabəy oğlu ilk dəfə vətən həsrətinin ağrısını məktəbə qədəm qoyduğu gün duyub. Mənfur ermənilər 31 avqust 1993-cü ildə Qubadlı rayonunu işğal etdiyi günün səhəri Azərbaycanda ilk dərs günü Qubadlının işğalına həsr olunub. 1993-cü ildə Şəki şəhər 5 nömrəli tam orta məktəbdə də hər bir məktəblinin ürəyində ilk dərs günün sevinci vətən həsrəti ilə əvəz olunub. Xəyal Məmmədov isə ötən zamanla birlikdə o həsrəti bərabərində böyüdərək düşməndən intiqamını alacağını və Qubadlını azad edəcəyini söz verib. O söz bir anda çevrilib və ömür bahasına pozulmayıb.

Xəyal Məmmədov zamanı çatan anda arzularına doğru addım atıb. Zabit olmaq arzusunda olan Xəyal 2001–2004-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb. Leytenant rütbəsindən mayor rütbəsinə qədər yüksələn Xəyal Məmmədov şərəfli zabit yolu keçib. 2016-cı ilin Aprel döyüşlərində Vətənin müdafiəsində dayanaraq, yaralıların vaxtında təxliyəsində bilavasitə iştirak edib. 2020-ci ildə Vətən müharibəsi başlayanda isə öz istəyi ilə ön cəbhəyə yollanıb. Cəbrayılın və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə böyük əzmkarlıq göstərib. 2020-ci il 20 oktyabrda Qubadlının Yazı düzündə gedən ağır döyüşlərdə qəhrəmancasına Şəhid olub. O Qubadlı ki, ilk vətən dərsində işğalı ilə sarsılmışdı. Bir ömür məhz o işğalı sonlandırmaq arzusu ilə yaşandı və bitdi.

Şəhid Xəyal Məmmədovun 40-cı yaş günündə yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri Manya Səxavətqızının qəhrəman şəhidimizin adını əbədiləşdirmək üçün qələmə aldığı 14-cü kitabı "VƏTƏNİN XƏYALI" kitabının ikinci təqdimat mərasimi keçirildi. Bir zamanlar Xəyalın dünyaya göz açdığı Şəki şəhərində 18 noyabr 2026-cı il tarixində "VƏTƏNİN XƏYALI" kitabı şəhidin ruhuna ehtiram, Xəyalsızlıq acısını çəkənlərə bir təsəlli oldu. Şəki Dövlət Dram Teatrında keçirilən təqdimat mərasimi Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələrinin, DSX-nın, DQ-ın, DİN-nin, DTX-nın şəxsi heyətinin, şəhid ailələrinin, media nümayəndələrinin, Xəyalın kursant yoldaşlarının, silahdaşlarının, dostlarının və Xəyalsevərlərin iştirakı ilə keçirildi. Bu təqdimat mərasimi şəhidlərimizin adlarının əbədiyaşar olduğunun bariz nümunəsidir. Tədbirdən sonra şəhidimizin məzarı ziyarət olundu.

"VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində təhsil ocaqlarında da silsilə görüşlər keçirilərək gənc nəslə vətənpərvərlik aşılanır. Həmin görüşlərdən daha birinin keçirildiyi növbəti təhsil ocağı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı oldu. Tədbirdə filialın direktoru, dosent Vurğun Məmmədov və tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva, digər müəllimlər və tələbələr iştirak etdilər. Xəyal Məmmədovun anası İlfat xanımın sözləri hər kəsi duyğulandırdı. Xəyal Məmmədovun qardaşı Taleh Məmmədovun kitabın və tədbirin ərsəyə gəlməsindəki roluna diqqət çəkilərək şəhid qardaşının örnək olan bu addımının əhəmiyyəti vurğulandı.

Təqdimat mərasimində "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri Manya Səxavətqızı və layihənin ümumi dəstəkçisi şəhid qardaşı, qazi oğlu Şahin Məmmədov kitablar haqqında ətraflı məlumat verdi. Həmin tədbirin də bədii hissəsi tədbirin aparıcısı Elvin Nüsrətoğlunun bədii rəhbərliyi ilə hazırlanmış musiqi və rəqs nömrələri ilə davam etdi. Manya Səxavətqızı müəllimlərin və tələbələrin suallarını cavablandırdı. Sonda universitetin kitabxanasına kitablar təqdim olundu və xatirə şəkilləri çəkildi.

Artıq illərdir ki, vətən Xəyal və onun kimi şəhidlərin saçdıqları nur ilə aydınlanır. Bu nur sönməzdir. Bu nur vətənlə bərabər könülləri də aydınladır. Elə şəhid həsrətini çəkənlər də bu nurun sayəsində yaşama tutuna bilirlər. "VƏTƏNİN XƏYALI" kitabında yer alan "ŞƏHİD KİMDİR?" sualının izahı da məhz o nuru daha aydın izah edir.

ŞƏHİD KİMDİR?

Şәhid – hәr iki dünyada vәtәnin yükünü çiyinlәrindә daşıyandır. Allah tәrәfindәn seçilәrәk ölümsüzlüklә müjdәlәnәn bu ünvan sahiblәri bu dünyada vәtәn naminә fәda olan ömür müqabilindә әbәdiyyәtdә cәnnәtlә mükafatlanarlar. Şühәda olaraq fәdakarlığın, qәhrәmanlığın, yenilmәzliyin, sәdaqәtin simvoluna çevrilәrlәr. Allah şәhidlәrin, şәhidlәr vәtәnin, xalqın әlindәn tutarlar. Şәhidlәrin cismi torpağa döndükdәn sonra ruhları da vәtәn keşiyini çәkәr. Şәhidlәrin ömürlәri vәtәnin ömrü qәdәr olar. Onlar sonsuzluğun özünә, xalqın bitmәyәn sözünә çevrilәrlәr. Əslindә bu müqәddәslәri vәsf etmәk çәtindir. Çünki şәhidlәr haqqında deyilәcәk sözlәrin dә sonu yoxdur. Hәr şәhidin nәfәsinin bitdiyi yerdәn başlayar vәtәn. Ona görә vәtәn sevgisi sonsuzdur. O sonsuzluğun başladığı yerdә nәfәsi bitәnlәrdәn biridir Mәmmәdov Xәyal Ağabәy oğlu.

 

VƏTƏNİN XƏYALI, XƏYAL

Vətənin xəyalı sənintək oğul,

Səninsə xəyalın qələbə idi.

Xəyal, nəfəsini duyan Qubadlı,

Elə bil yenidən həyata gəldi.

 

"Gedirəm vətəni mən qorumağa"

Sözlərin namədə əbədi qaldı.

Sən "Vətən sağ olsun" dediyin zaman,

Zəfər yollarına ümid nur saldı.

 

Getdiyin o yoldan Şəhidtək döndün,

Otuz dörd yaşının astanasında.

Xəyal, sənsizliyin abidəsi var,

Səni sevənlərin qəlb dünyasında.

 

Aylinin, Selinin ata həsrəti,

Günbəgün böyüyüb cənnətə çatır.

Evinin işığı sönən Şəhidim,

Sayəndə çox evin işığı yanır.

 

Son dəfə öpdüyün vətən torpağın,

Elə sənin kimi şərəf bilirəm.

Vətənə can verib vətənə dönən,

Şəhidlər önündə təzim edirəm.

Manya SƏXAVƏTQIZI

AYB-nin və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri